İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkmişdir.

İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd etmiş, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirmiş, Qələbə münasibətilə təbriklərini çatdırmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər görüşdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti