Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.

İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb

Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılıb.