Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.
İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmişdir. Həmçinin həyata keçirilən ekoloji tədbirlər muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin azalmasına səbəb olub. Bu sahədə əsas işlər Gigiyena və Epidemiologiya Mərkəzinin, onun yerli qurumlarının üzərinə düşür. Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən cari ilin 5 ayı ərzində 1388 parazitoloji, 666 bakterioloji müayinə aparıl;b ki, bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Şöbənin parazitoloq köməkçisi Nərmin Əliyeva kollektiv adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni bir müəssisənin təməlinin qoyulması və yeni bir obyektin istifadəyə verilməsi ilə əlamətdar olur. Gigiyena və Epidemiologiya Şöbəsi üçün yeni iş şəraiti yaradılıb. Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki, rayon əhalisinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsində və peyvəndləmə işinin aparılmasında daha fəal olaq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək deyib: Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülwb. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradıl;b, müasir avtomobillər alınıb verilib. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir.
“Yaxşı iş şərait yüksək əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir”, – deyən Ali Məclisin Sədri bildirib ki, əsas məsələ profilaktik tədbirlərin vaxtında görülməsi və gigiyenik qaydalara əməl olunmasıdır. Gigiyena və Epidemiologiya Şöbəsinin kollektivi mütəmadi sanitariya tədbirləri həyata keçirməlidir. Çünki bu tədbirlər xəstəliklərin yayılmamasına, onların vaxtında aşkar olunmasına və qarşısının alınmasına xidmət edir. Yaradılan şərait bundan sonra da muxtar respublikada virus və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verəcəkdir.
Ali Məclisin Sədri kollektivin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirib.
Məlumat verilib ki, şöbədə müdir, epidemioloq, entomoloq, parazitoloq, sanitar həkim və digərləri olmaqla, 18 otaq vardır. Burada Gigiyena, Epidemioloji, Dezinfeksiya şöbələri və bakterioloji, parazitaloji, eləcə də ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərəcəkdir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, südün keyfiyyət analizatoru, radiasiya ölçmək üçün dozimetr, batometr, PH-metr, termohiqrometr, binokulyar mikroskop və digər köməkçi tibbi ləvazimatlar ilə təmin edilib.
Bina istilik sistemi ilə təchiz olunub, həyət abadlaşdırıl;b, işıqlandırma və suvarma sistemləri çəkilib.
Şöbənin baş həkimi Məhərrəm Qədimov yaradılan şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar verib.
Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunub.