Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər müasir görkəm almışdır. Bu tədbirlərlə yanaşı, sakinlərə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikaların tətbiqi yaşayış məntəqələrinin təmizlik səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və insan sağlamlığının qorunmasına, ekoloji və sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərir.
Mayın 9-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı texnikalar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov demişdir ki, muxtar respublikada fəaliyyət göstərən bələdiyyələr dövlətin diqqət və qayğısı ilə tam əhatə olunmuşdur. Muxtar respublikada bələdiyyələrin fəaliyyəti 2017-ci ildən daha da gücləndirilmiş, kommunal xidmətlər göstərməyə başlamışlar. Son illərdə 46 kommunal təyinatlı nəqliyyat vasitəsi, 2 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyərin və kommunal müəssisələrin istifadəsinə verilmişdir ki, bu da onların daha operativ işləmələrinə şərait yaratmışdır. Bu gün isə bələdiyyələrə 15 traktor və 15 qoşqu təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bələdiyyələr ölkəmizin həyatına və idarəetməsinə müstəqillik illərində – 1995-ci ildə Azərbyacan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra daxil olmuşdur. 1999-cu il dekabrın 12-də ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir. Ötən illərdə muxtar respublikada da bələdiyyələrin fəaliyyəti ilə bağlı işlər görülmüşdür. Bu gün Naxçıvanda 170 bələdiyyə fəaliyyət göstərir. Yeni tikilən kənd mərkəzlərində onlar üçün iş şəraiti yaradılmış, bələdiyyələrə qanunla təsbit olunmuş vəzifələri ilə yanaşı, kommunal xidmətlər göstərmələri üçün əlavə səlahiyyətlər də verilmişdir. Bələdiyyələr idarəetmənin ictimai forması olsa da, lakin fəaliyyətləri qanunla tənzimlənir. Ona görə də bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələr yaradılan şəraitdən istifadə edərək vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”.
Ali Məclisin Sədri demişdir: Bələdiyyələrin fəaliyyəti ümummilli liderimizin onlara verdiyi qiymətə uyğun təşkil edilməlidir. 2017-ci ildən etibarən bələdiyyələrə kommunal xidmətlər göstərmək səlahiyyəti verilmişdir. Muxtar respublikada həmin xidmətləri həyata keçirmələri üçün artıq ikinci dəfədir ki, bələdiyyələrə texnikalar təqdim olunur. İlkin olaraq 10, bu gün isə 15 texnika verilir. Muxtar respublika bələdiyyələrinin fəaliyyəti nəticəsində toplanan vəsait və dövlətin ayırdığı subsidiya hesabına yeni texnikalar alınmışdır. Bu isə birgə fəaliyyətin nəticəsidir. Texnika işin 50 faizi deməkdir. Bu texniklar bələdiyyələrin fəaliyyətini asanlaşdıracaq, qarşıya qoyulan tapşırıqlar vaxtında icra olunacaqdır. Bu gün ölkəmizin bütün ərazilərində yenidənqurma işləri aparılır, torpaqlar istifadə üçün vətəndaşlara verilir. Torpaqlar bələdiyyə, dövlət və şəxsi mülkiyyət olaraq formalaşıb. Buna görə də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmalı, əkilməli, icarə haqları və müqavilələri düzgün bağlanılmalıdır.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində, faşizm üzərində qələbənin 76-cı ildönümü günündə bələdiyyələrə texnikaların təqdim olunmasını göstərilən dövlət qayğısının ifadəsi olduğunu bildirmiş və bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Culfa rayon Əbrəqunus kənd bələdiyyəsinin sədri Raqib Hətəmov göstərilən qayğıya görə minnətdarlıq edərək demişdir: “Muxtar respublikada bütün sahələrdə olduğu kimi, bələdiyyələr üçün də hərtərəfli iş şəraiti yaradılmışdır. Bu da verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün geniş imkanlar açır. Muxtar respublikanın bütün kəndləri abadlaşıb. Bu gün təqdim olunan texnikalar abad kəndlərimizdə təmizliyin qorunmasında böyük əhəmiyyətə malik olacaqdır. Söz veririk ki, bələdiyyələr də yaradılanları qoruyacaq, fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaqlar”.
Sonra texnikalara baxış olmuşdur. Məlumat verilmişdir ki, yeni kommunal təyinatlı 15 traktor və qoşqusu Şərur rayonunun Çomaxtur, Düdəngə və İbadulla, Babək rayonunun Payız, Sirab və Qahab, Ordubad rayonunun Dırnıs və Sabirkənd, Culfa rayonunun Əbrəqunus və Camaldın, Şahbuz rayonunun Badamlı qəsəbə və Kolanı kənd, Kəngərli rayonunun Şahtaxtı və Xok, Sədərək rayonunun Dəmirçi bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır.
Şahbuz rayon Kolanı kənd bələdiyyəsinin sədri Gülnarə İsmayılova yeni texnikaların kəndlərin daha da gözəlləşməsinə xidmət edəcəyini bildirərək demişdir: “Muxtar respublikamızda həyata keçirilən ekoloji tədbirlərin, əhalinin müayinəsi və dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsidir ki, bütün dünyada pandemiya olsa da, Naxçıvanda vəziyyət sabitdir. Bu gün də muxtar respublikada quruculuq-abadlıq işləri geniş vüsət alıb. Şahbuz turistik bölgədir. Batabata, Ağbulağa gedən yol bizim kənddən keçir. Bu da üzərimizə ikiqat vəzifə qoyur. Elə etməliyik ki, turistlər kəndimizdən keçərkən onlarda xoş ovqat yaransın. İndiyədək qonşu kəndlərin texnkaları hesabına kəndimizdə təmizlik yaradırdıq. Bu da vaxt itkisinə səbəb olurdu. Yeni texnikalar bu işlərin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti