1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 76-cı ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.
Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də müharibədə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənib.
Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq və hərbi şücaət nümunəsi göstəribər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində qələbəyə mühüm töhfə verib. Müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunub, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıblar. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstəriblər.
402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Həmyerlilərimiz Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.
Ölkəmizdə 1941-1945-ci illər veteranlarına daim qayğı göstərilib. “Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərib, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər və alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 9 May Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunub. Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.
Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını alıb. Ölkə Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası muxtar respublikada həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il muxtar respublikada faşizm üzərində qələbə günü qeyd olunur. Müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar.
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 76-cı ildönümü ilə bağlı tədbirlər keçirilib.