“Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”, – deyən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birliyi 30 il işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğulları da şücaət göstəriblər.
Mayın 3-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Yusifov Əli Süləddin oğlunun cənazəsi muxtar respublikaya gətirilib.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.