Aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək deyib ki, yeni nasos stansiyası Şahbuzçaydan qidalanır və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurur. Nasos stansiyasında su sərfi saatda 300 kubmetr olan nasos və gücü 800 kilovat elektrik mühərrikindən ibarət nasos stansiyası tikilərək vakkum sistemi ilə təmin olunub. Suyun sahəyə verilməsi üçün 1850 metr təzyiqli boru xətti bərpa olunub, 290 metr yeni xətt çəkilib. 2140 metr boru xətti üzərində 64 bar təzyiqə davam gətirən 4 əks klapan, 1 tənzimləyici siyirtmə quraşdırılıb, boru xəttinin dayanıqlılığını artırmaq üçün 18 beton anker dayaq tikilib, boru xəttinin sonunda 2 hidrant, 2 paylayıcı hovuz quraşdırılıb.

Ali Məclisin Sədri deyib: 40 il əvvəl bu nasos stansiyasının qurulmasına cəhd göstərilib, lakin iş başa çatdırılmayıb. Çünki buraya çəkilən elektrik xəttinin gücü nəzərə alınmadığından nasos stansiyasını işlətmək mümkün olmayıb. Yeni elektrik xəttinin çəkilməsi, yarımstansiyanın qurulmasından sonra artıq bu nasos stansiyasının işləməsi reallaşmış və bu gün istifadəyə verilir. Stansiya vasitəsilə 3 kəndin –  Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektara yaxın torpaq sahəsi suvarılan torpaqlar sırasına daxil olacaqdır. Şahbuz rayonunda elə bir yer yoxdur ki, orada 340 hektar suvarılan torpaq sahəsi bir yerdə olsun. Ona görə bu nasosun əhəmiyyəti çox böyükdür. 340 hektar dəmyə torpaq suvarılan torpaqlara çevrilir ki, bununla məhsuldarlıq xeyli artacaqdır.

Ali Məclisin Sədri nasos stansiyasının qurulmasında əməyi olanlara təşəkkür edib və stansiyanı işə salıb.