Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir. Dürdanə Quliyeva kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Bu gün Ordubad rayonunda 51 mindən artıq əhali yaşayır. Əhalinin 18 minə yaxını 1-17 yaş qrupunda olan uşaqlardır. Rayon əhalisinə 1 Mərkəzi Xəstəxana, 1 Gigiyena-Epidemiologiya Mərkəzi, 12 ambulatoriya və 19 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Ali Məclis Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılan Ordubad Rayon Uşaq Xəstəxanası da bu gün rayon səhiyyə müəssisələrinin sırasına daxil olur. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada ardıcıl tədbirlər görülür. Dövlət proqramı çərçivəsində, ilk növbədə, Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanası yenidən qurularaq lazımi tibbi avadanlıqlarla təmin edilib. Daha sonra Şərur Rayon Uşaq Xəstəxanası müasir şəkildə qurularaq istifadəyə verilib.

Ali Məclisin Sədri deyib: Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq sərəncamdan sonra burada lazımi işlər həyata keçirilib və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunub, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılıb. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, dövlət proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib və kollektivə işlərində uğurlar arzulayıb.

Xəstəxana ilə tanışlıq zamanı  məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 10 çarpayılıq səhiyyə ocağında stasionar şöbə və poliklinika bölməsi fəaliyyət göstərir, 59 nəfərdən ibarət tibbi heyət çalışır. Zirzəmidə peyvənd-dispanserizasiya, mühasib-statist, yeməkxana, camaşırxana, qazanxana, anbar və digər köməkçi otaqlar yerləşir.

Birinci mərtəbədə qeydiyyat-qəbul, təcili tibbi yardım və manipulyasiya, laboratoriya, fizioterapiya, ultrasəslə müayinə, icbari tibbi sığorta, qəbul üzrə həkim, psixoloq-loqoped, stomatoloq, infeksionist-ftiziatr, izolyator və baş tibb bacısı otaqları vardır. İkinci mərtəbədə isə baş həkim, oftalmoloq, LOR, ordinator, 4 palata, reanimasiya və intensiv terapiya zalı, eləcə də iş otaqları yerləşir. Xəstəxanada mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunan nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter və 3 printer quraşdırılıb, 2 stomatoloji qurğu, USM, EKQ, EEQ, pediatrik süni tənəffüs aparatı, hematoloji analizator olmaqla, ümumilikdə, 54 tibbi avadanlıq alınıb, “FİAT” markalı təcili tibbi yardım avtomobili verilib.

Ali Məclisin Sədri təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar verib.

Xəstəxana mərkəzi istilik sistemi ilə təmin olunub.