“Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”, _ deyən ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini ölkəmizdə uğurla həyata keçirməsi, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, sakinlərin rahat yaşayışı təmin edilib.

Fevralın 5-də Ordubad rayonunun Nüsnüs  və Yuxarı Əndəmic kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Nüsnüs kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 414 şagird yerlik məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və anbar vardır. Məktəbdə internetə çıxışı təmin edilən 41 kompüter və 4 elektron lövhə quraşdırılıb.

STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Kitabxanadakı 8788 ədəbiyyat və dərslik şagirdlər üçün geniş mütaliə imkanı yaradır. İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımi şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.

Bildirilib ki, məktəbin məzunlarından Heydər Əliyev adına Hərbi Liseyi bitirən 4 nəfər təhsillərini davam etdirərək bu sahədə fəaliyyət göstərirlər. Onlardan 2-si ölkəmizin ərazi bütövlüyünün bərpasında qəhrəmancasına iştirak ediblər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 21 şagird qəbul olunub.

STEAM kabinəsində şagirdlərin 3D printerdə hazırladıqları külək turbinləri və Günəş panellərinin maketləri Ali Məclisin Sədrinə təqdim olunub. Ali Məclisin Sədri muxtar respublikada külək və Günəş elektrik stansiyalarının tikildiyini vurğulayaraq bu sahə üzrə mütəxəssislərin yetişməsinin əhəmiyyətini qeyd edib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunan sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artıracaqdır.

Elektron lövhəli sinifdə Dövlət Bayrağı Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbləri arasında “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda keçirilən interaktiv dərs izlənilib.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib: Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən il 1106 şagird yerlik 5 ümumtəhsil məktəbi, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar, 2021-ci ilin yanvar ayında isə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil quruculuğu ilə yanaşı, ötən il yeni təhsil müəssisələrinin və innovativ dərnəklərin yaradılması da diqqətdə saxlanılıb. 2020-2021-ci tədris ilindən Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Müəllimlərin işə qəbulu, xüsusilə gənc kadrların ucqar dağ kəndlərindəki ümumtəhsil müəssisələrinə üstünlük vermələri rayon mərkəzləri ilə yanaşı, həmin kəndlərdə də müasir təhsil infrastrukturunun yaradılmasının və müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir. Bu gün Nüsnüs kənd tam orta məktəbi də müasir məktəblər sırasına qoşulur. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin müəllimi Kövsər Hümmətova kollektiv və valideynlər adından minnətdarlıq edərək deyib:  “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün şəhər və rayonları, o cümlədən kəndləri simasını dəyişib və müasirləşib. İndi ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması insan amilinə verilən dəyərin ifadəsidir. Bu gün Nüsnüs kəndi də müasir kəndlər sırasına qoşulur. Kənddə geniş quruculuq işləri aparılıb ki, onlardan biri də Nüsnüs kənd tam orta məktəbidir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almaları ilə yanaşı, biz müəllimləri də səylə çalışmağa ruhlandıracaqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nüsnüs kənd tam orta məktəbinin istifadəyə verilməsi və qazandıqları uğurlar münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Nüsnüs kənd tam orta məktəbi ölkəmizin nümunəvi məktəbləri sırasına daxil olur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə qayğı yüksək səviyyədə olub. Ötən əsrin 70-ci illərində ulu öndərimiz tərəfindən təhsilin inkişafına diqqətin artırılması, məktəb tikintisinin geniş vüsət alması və gənclərin Sovetlər Birliyinin ən yaxşı ali məktəblərində təhsil almağa göndərilməsi Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış tədbirlər idi. Azərbaycan müstəqillik əldə etdikdən və ulu  öndərimiz ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsili əsas məsələlər sırasına çıxardı. Ümummilli lider deyirdi: “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Həmin dövrdə ölkəmiz müharibə şəraitində yaşayırdı, torpaqlarımız işğal olunmuşdu. Lakin məktəb tikintisinə diqqət göstərilir, müəllimlərin əməyi qiymətləndirilirdi. Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilə qayğının vacibliyini bildirərək demişdir: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”.

Ali Məclisin Sədri deyib: Göstərilən qayğının nəticəsidir ki,   Azərbaycan gəncləri bu gün dünyanın müxtəlif ali məktəblərində təhsil alır,   ölkəmizin inkişafına töhfələrini verirlər. Bütün bunlar isə təhsilin Azərbaycan dövlətinin həyatında ən vacib sahələrdən biri olduğunu təsdiq edir. Bu gün gənclərimiz dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayırlar. Nüsnüs kənd tam orta məktəbinin məzunları da həm dövlət quruculuğunda, həm ərazi bütövlüyümüzün müdafiəsində, həm də torpaqlarımızın işğaldan azad olunmasında iştirak edirlər. Məktəbin məzunlarından Prezident təqaüdünə və mükafatına layiq görülənlər var. Məktəbin ötən tədris ilindəki nəticələri  göstərir  ki, burada yaxşı təhsil ənənələri yaranıb. Məktəbdəki şərait həmin ənənələri daha da inkişaf etdirməyə imkan verəcəkdir. Bu gün Nüsnüs kənd tam orta məktəbinin təminatı inkişaf etmiş ölkələrdəki məktəblərlə eynidir. Ümumilikdə, ölkəmizdə, eləcə də muxtar respublikamızda tikilən bütün məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur. Müəllimlərin peşələrinə bağlılığı, öz üzərlərində işləmələri, vəzifələrinə hörmətlə yanaşmaları ölkənin gələcəyinə xidmət edir. Buna görə də müəllim əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, fərqlənənlər dövlət mükafatları ilə təltif olunurlar.

Ali Məclisin Sədri deyib: Məktəbdə yaradılan şərait imkan verəcək ki, şagirdlər  dünyagörüşünü formalaşdırsın, müasir həyatın tələblərinə uyğun yetişərək gələcəkdə dünyanın istənilən ali məktəbində təhsil ala bilsinlər. Ona görə də kollektivin qarşısında duran əsas məsələ gəncləri vətənpərvər, yüksək təhsilli və  dünyagörüşlü yetişdirməkdir.

Məktəbin müəllimi Natəvan Qarayeva şahmatın tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Məktəbimizdə müxtəlif fənn kabinələri yaradılıb. Bunlardan biri də şahmat otağıdır. Şagirdlərin şahmata böyük marağı var. Muxtar respublikada şahmata göstərilən diqqət və qayğının nəticəsidir ki, məktəbimizin şagirdləri müxtəlif şahmat turnirlərində uğurlar qazanıblar”.

Binanın həyətində fərdi qazanxana, açıq idman qurğusu tikilib, abadlıq işləri aparılıb, yaşıllıq salınıb.