Muxtar respublikada tarixi-mədəni irsimiz kimi qorunub-yaşadılan su dəyirmanları bu torpaqda taxılçılığın inkişafından xəbər verir. Su dəyirmanlarının Naxçıvana məxsus adət-ənənələrin yaranmasında da böyük rolu vardır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.
Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşərək deyib: Dəyirmanlar tarixi abidələrimizdir. Bu gün yeni bir abidə də bərpa olundu. Bununla artıq muxtar respublikada altıncı su dəyirmanıdır ki, bərpa olunaraq istifadəyə verilir. Dəyirman uzun illər əhaliyə xidmət edib. Bundan sonra da əhalinin ehtiyaclarının ödənməsi üçün istifadə olunacaqdır.
Məlumat verilib ki, sahəsi 69 kvadratmetr olan Nüsnüs su dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Dəyirmana 67 metr məsafədən su kanalı çəkilib, ətrafı abadlaşdırılıb, burada 1 nəfər işlə təmin olunub.