Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi 2020-cu il ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 143 tədbir keçirib. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 20, beynəlxalq miqyaslı turnirlərdə 17 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 37 medal qazanıblar.
Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 fevral 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. 14 fevral 2020-ci il tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanıb.
Nazirlik və federasiyalar 2020-ci ildə öz işlərini verilmiş tapşırıqlara və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasına əsasən qurub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Karate-do Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə birsıra tədbirlər həyata keçirmişdir. Ötən il federasiya idmançıları beynəlxalq miqyaslı turnirlərdən 14 medal qazanıblar. Hal-hazırda Karate-do Federasiyasında muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 607 idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturu yaradılaraq, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. İnsan amilinə göstərilən ali diqqət və qayğının nəticəsidir ki, muxtar respublikanın ən ucqar kəndlərində belə məktəblərin daxilində müasir idman zalları və açıq idman meydançaları tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilir. Onların asudə vaxtlarının səmərəli təşkili, düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Qeyd edilib ki, bu konteksdə muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə yüksək dövlət qayğısı göstərilərək, işlərini günün tələbləri səviyyəsində qurmaları üçün hərtərəfli şərait yaradılıb. 2002-ci ildən muxtar respublikada fəaliyyət göstərən Karate-do Federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 26 karate bölməsi fəaliyyət göstərir (8-i Naxçıvan şəhərində, 6-sı Şərur rayonunda, 4-ü Ordubad rayonunda, 2-si Babək rayonunda, 2-si Kəngərli rayonunda, 2-si Sədərək rayonunda, 1-i Culfa, 1-i isə Şahbuz rayonunda yerləşir). Ötən dövr ərzində “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla ümumilikdə 4 qız bölməsi yaradılmışdır. Bu gün muxtar respublikada karate idman növü ilə 600 nəfərədən artıq uşaq, yeniyetmə və gənc məşğul olur ki, onlardan 100 nəfərdən çoxu qız idmançılardır.
Diqqətə çatdırılıb ki, dünyada tüğyan edən koronavirus pandemiyası bütün sahələrlə yanaşı idmanın inkişafına da öz mənfi təsirini göstərmiş, 2020-ci ildə digər federasiyalar kimi, Karate-do Federasiyasının da fəaliyyətində fasilələrin yaranmasına səbəb olub. Lakin buna baxmayaraq 2020-ci ilin birinci rübündə federasiya tərəfindən məşqlər müntəzəm olaraq davam etdirilib, karateçilərimiz iki beynəlxalq səviyyəli və bir muxtar respublika daxilində keçirilən turnirdə iştirak ediblər. Mövcud çətinliklərə baxmayaraq Karate-do Federasiyası 2020-ci beynəlxalq turnirlərdə 1-i qızıl, 1-i gümüş, 12-si bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.
Federasiya sədri bildirib ki, göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Vüsal Seyidovun adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülüb. Federasiyanın digər idmançısı Rafiq Hüseynli isə Ali Məclisi Sədrinin mükafatına layiq görülüb.
Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.