Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qarmon ixtisasları üzrə 109 şagird təhsil alır ki, onlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Şagirdlərin təhsili ilə 29 müəllim məşğul olur. Məktəbdə Xor kollektivi, Xalq Çalğı Alətləri və Nağaraçalanlar ansamblları fəaliyyət göstərir.

İkimərtəbəli məktəb binasında direktor, müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, kamança, tar, fortepiano sinfləri olmaqla, ümumilikdə, 18  otaq, 40 yerlik konsert zalı, kitabxana, elektrik otağı və qarderob vardır.

Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün qədim diyarımızda mədəniyyətimiz və onun bir qolu olan musiqi sənəti özünün inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində yeni mədəniyyət müəssisələri, uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətinin aşılanması və musiqi təhsilinin nümunəvi təşkili üçün hər cür şərait yaradılır. Şərur rayonunun Şəhriyar kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova göstərilən diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin müəllimi Sədaqət Məmmədova minnətdarlıq edərək deyib: “Məktəbimiz üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olub. Müəllimlər göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi üçün səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər”. Sədaqət Məmmədova Ali Məclisin Sədrinə təbriklərini çatdırıb, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində yaradılan şəraitin dərslərin yüksək səviyyədə tədrisinə imkan verəcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yenidənqurmadan sonra kollektivin istifadəsinə verilir. Musiqi məktəbləri milli musiqimizin yaşadılmasında xüsusi əhəmiyyət daşıyır. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən 26 musiqi məktəbindən 24-ü müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Muxtar respublikada həyata keçirilən tədbirlər sayəsində musiqinin ilk pilləsindən başlamış ali musiqi təhsilinədək tədris yüksək səviyyədə təşkil olunub. Musiqi məktəbləri, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi muxtar respublikada ilk musiqi təhsilindən ali təhsilə qədər olan tədrisin əsasını təşkil edirlər. Bunun nəticəsidir ki, artıq musiqi məktəblərində ali təhsilli müəllimlər fəaliyyət göstərirlər.

“Təhsilli musiqiçilərin yetişməsi bir ölkənin milli musiqisinin yaşadılmasıdır”,- deyən Ali Məclisin Sədri bildirib ki, musiqi məktəblərinin yaradılması, müasir tədrisin tələbləri səviyyəsində qurulması, avadanlıqlarla təmin olunması ölkəmizdə musiqi mədəniyyətinə göstərilən dövlət qayğısıdır. 1989-cu ildən fəaliyyət göstərən Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində bu gün 5 ixtisas üzrə tədris aparılır. Fortepiano istisna olmaqla, digər ixtisaslarda milli musiqi alətlərinin sirləri uşaqlara öyrədilir. Məktəbdə dünya xalqlarına məxsus musiqi alətlərinin öyrədilməsinə də yer verilməlidir.  Yaradılan şərait imkan verəcək ki, gələcəkdə burada yeni ixtisaslar açılsın. Məktəbdə 109 şagirdin təhsil alması, bu tədris ilində 20-dək şagirdin qəbulu göstərir ki, musiqi məktəbinə maraq var. Məktəbdə yaxşı musiqiçilərdən ibarət kollektiv formalaşıb. Bu da imkan verəcək ki, məktəb nailiyyətlərini daha da artırsın, muxtar respublikanın musiqi məktəbləri içərisində özünə layiqli yer tutsun.

Ali Məclisin Sədri əldə etdikləri nailiyyətlər üçün kollektivə təşəkkür edib, yaradılan şəraitin onlara yeni imkanlar açacağına əminliyini bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Bina fərdi istilik sistemi ilə təchiz edilib, ətraf abadlaşdırılıb.