Ölkəmizdə dövlət-xalq-ordu birliyinin ideal təcəssümünü qədim diyarımız Naxçıvanın timsalında daha bariz şəkildə görmək mümkündür. Muxtar respublikamızda nazirlik, eləcə də idarə, müəssisə və təşkilat nümayəndələrinin tarixi və əlamətdar günlərdə, o cümlədən bayramlarda hərbi hissələrdə olmaları, əsgər və zabitlərimizə sovqat aparmaları buna parlaq sübutdur. Şanlı tariximizə ərazi bütövlüyümüzün 44 gün ərzində təmin edilməsi, Qələbə ili kimi yazılan 2020-ci il bu baxımdan daha sıx birliyin nümayiş tarixinə çevrilib. Bu günlərdə hərbçilərimizlə keçirilən görüşlər ikiqat bayram sevinci təsiri bağışlayır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi isə 31 dekabr –  Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə tədbirlərdə xüsusi fəallıq nümayiş etdirir. Silsilə tədbirlərin davamı olaraq nazirliyin əməkdaşları Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olub, əsgər və zabitlərimizə bayram sovqatı təqdim ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində qazandığı Böyük Qələbə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əsgər və zabitlərimizi təbrik edib.

Bildirib ki, 2020-ci il tariximizdə əbədi yaşayacaq bir ildir. 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, əzmkarlıq və qətiyyəti ilə geri qaytarıldı. Qazanılan qələbə eyni zamanda xalqımızın birliyinin və həmrəyliyinin ifadəsidir. Bu azadlıq mücadiləsində naxçıvanlılar da böyük igidlik və şücaət göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev onların şücaətini xüsusi vurğulayaraq yüksək qiymətləndirib. Nazir şəhidlərimizə dərin ehtiramını bildirib, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Qeyd olunub ki, Azərbaycan xalqının bu qəhrəman oğullarının adı tarixə əbədilik yazılıb.

Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda hərbi xidmət üçün yaradılan şərait yüksək səviyyədədir. Bununu nəticəsidir ki, Silahlı Qüvvələrimizin qədim yurd yerimizdəki hissələrində öz xidməti və qulluq borclarını yerinə yetirən əsgər və zabitlərimiz istənilən anda verilən tapşırıqların öhdəsindən uğurla gələ bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi diqqət və qayğısını hərbiçilərimiz hər an öz üzərlərində hiss edirlər.

Fazil Ələkbərov muxtar respublikada hərbiçilər üçün yaradılmış hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, əsgər və zabitlərimizi qarşıdan gələn bayram münasibətilə bir daha ürəkdən təbrik edib, 2021-ci ildə onlara həyatda və xidməti vəzifələrində yeni uğurlar arzulayıb.

Tədbirdə nazirliyin Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Yusif Həsənov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb, əsgərlərimizi təbrik edib.

Əsgərlərdən Ayxan Nəhmədzadə, Bürhan Bəşirov, Ramin Qaracayev və Elşad Orucov onlara göstərilən qayğıya və yaradılan şəraitə görə minətdarlıqlarını bildiriblər.

Sonra əsgər yeməkxanasına baxış keçirilib, gətirilən bayram sovqatı şəxsi heyətə təqdim edilib.