Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olub.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 3 sakin işlə təmin olunub. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi ilə bağlı tapşırıq verib.
Sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Xalqımızın qələbəni qeyd etdiyi gündə Qarabürc kəndi muxtar respublikanın müasir kəndləri sırasına daxil olur. Kəndin inkişafı onun yolundan başlanır. Kənd avtomobil yolunun yenidən qurulması, müasir iş şəraitinin yaradılması, məktəb, xidmət və kənd mərkəzləri kimi sosial obyektlərin qurulması sakinlərin rahat yaşamasına xidmət edəcəkdir. Qurulanların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Dünyada belə ölkələr çox azdır ki, həm torpaqlarının qorunması üçün ordu quruculuğuna vəsait ayırır, həm də ölkədə abadlıq-quruculuq tədbirləri həyata keçirir. Bütün bunları Qarabürc kəndinin simasında aydın görürük.
Ali Məclisin Sədri deyib: Kənd sakinləri burada münbit torpaqlara sahibdirlər. Suvarma suyu ilə təmin olunublar, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Buna görə də torpaqlar əkilməli, ölkəmizin inkişafına hər bir sakin töhfəsini verməlidir. Sevindirici haldır ki, yeni evlər tikilir, məskunlaşma artır. Dövlət tərəfindən də lazımi köməklik göstərilir. Bundan sonra ölkəmizin qarşısında duran əsas vəzifə işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması olacaqdır.
Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, işlərində uğurlar arzulayıb.
Kənd sakinləri adından minnətdarlıq edən Arif Yusifov deyib: “Muxtar respublika rəhbərinin kəndimizə gəlişi sakinlər tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Mən bütün kənd sakinləri adından Ali Məclisin Sədrini İkinci Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edirəm. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstəriblər. Biz bununla qürur duyuruq. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların rahat yaşayışının təminatıdır. Bu quruculuqdan kəndimizə də pay düşüb. İstifadəyə verilən məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri və digər müasir infrastruktur kəndimizin simasını tamamilə dəyişməklə yanaşı, həm də sakinlərin rahatlığına xidmət edəcəkdir. Kəndimizin sakinləri çox zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları bazar və yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapmışdır. Heç bir çətinliyimiz yoxdur. Söz veririk ki, yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafına töhfə verəcəyik”.