Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edib. Rayon kimi yaranmasından 90 il ötən, muxtar respublikanın ən qədim və böyük yaşayış məntəqəsi olan Şərur müasir görkəmi ilə seçilir. Rayonun Qarabürc kəndində aparılan quruculuq işləri həyata keçirilən tədbirlərin davamıdır.
Qarabürc kənd məktəbində müasir tədris şəraiti yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 11-də Qarabürc məktəbində olub, tədrisin vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, 120 şagird yerlik 3 mərtəbəli binada 14 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, şahmat sinfi, STEAM kabinəsi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbdə 14 kompüter və 3 elektron lövhə quraşdırılmış, kompüter və elektron lövhələr internetə qoşulub. Məktəbin kitabxana fondu da zənginləşdirilib. Burada 2159 kitab vardır.
Muxtar respublikada idman dərslərinin, xüsusilə də şahmatın tədrisinə ciddi diqqət yetirilir. Qarabürc kənd ümumi orta məktəbində də şahmat otağı, idman zalı və qurğuları istifadəyə verilib. Məktəbdə ilk dəfə STEAM kabinəsi yaradılıb Kabinədə elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları qoyulub.
STEAM elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunduğu tədris metodudur. Dünya təhsil sistemində STEAM tədris metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilində pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə müəllimlər üçün STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsait hazırlanıb.
Ali Məclisin Sədri STEAM kabinəsində şagirdlərin əl işlərinə baxıb, STEAM metodları ilə bağlı xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də STEAM kabinəsinin yaradılması ilə bağlı tapşırıqlar verib.
Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilib.
Məktəbin müəllimi Nadir Ağayev yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, əvvəllər məktəbimizdə bu cür şərait olmayıb. Bu gün maddi-texniki bazası möhkəmləndirilən bir məktəbə sahibik. Çalışacağıq ki, işimizi yaradılan şəraitə uyğun quraq.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Bu ilin ötən dövründə 4 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş İmtahan Mərkəzi yaradılıb, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlayıb. Hazırda Şərur rayonunda Şəhriyar, Ordubad rayonunda Ordubad şəhər 1 nömrəli və Nüsnüs kənd tam orta məktəbləri, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ordubad və Culfa rayonlarında yerləşən məktəbdənkənar müəssisələrdə 30 innovativ dərnək yaradılır. Muxtar respublikada gənclərin hərtərəfli təhsil alması ilə yanaşı, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində əldə olunan qələbədə Ali Baş Komandanımızın da dediyi kimi Naxçıvanın igid gəncləri vətənpərvərliyi və şücaəti ilə seçiliblər. Rəhman Məmmədov muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik edib, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıq edib.
Məktəbin müəllimi Lalə Quliyeva deyib: “Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan kəndimizdəki ümumi orta məktəbə də pay düşmüşdür. Bu gün həm Qarabürc kəndinin sakinləri, həm də məktəb kollektivi üçün çox qürurverici gündür. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi qələbəni yeni məktəbin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edirik. Məktəbimizdə gənc nəslin təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. Bu da şagirdlərin daha yaxşı təhsil almalarına, vətənpərvər ruhda tərbiyə olunmalarına imkan verəcəkdir”. Lalə Quliyeva göstərilən hərtərəfli qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişdir.
Ali Məclisin Sədri məktəb kollektivini təbrik edərək deyib: Azərbaycan torpaqlarını işğaldan azad edib və qələbə qazanıb. Belə bir əlamətdar gündə Qarabürc kənd ümumi orta məktəbinin istifadəyə verilməsi ikiqat bayram sevinci yaşadır. Quruculuq işləri o vaxt həyata keçirilir ki, ölkədə sabitlik, iqtisadi inkişaf, xalq-dövlət birliyi, ən əsası isə güclü lider olsun. Bütün bunlar Azərbaycanda vardır. Ona görə də ölkəmizdə həm inkişaf təmin edilib, həm işğal altında olan torpaqlarımız geri qaytarılıb, həm də bu cür müasir məktəb binaları tikilib istifadəyə verilir.
Ali Məclisin Sədri deyib: Pedaqoji kollektivin formalaşması, yaradılan şərait imkan verir ki, növbəti tədris ilində Qarabürc kənd ümumi orta məktəbi tam orta məktəbə çevrilsin. Bunun üçün lazımi tədbirlər görüləcək. Müəllimlərin üzərinə düşən vəzifə isə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır. Məktəbdəki əyani vəsaitlər imkan verəcəkdir ki, tədris şagirdlərə əzbərləməklə deyil, qavrama yolu ilə öyrədilsin. Ötən tədris ilində məktəbin 9-cu sinif bazasından iki şagirdin Heydər Əliyev adına Hərbi Liseyə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunması məktəbin nailiyyətidir.
Ali Məclisin Sədri pedaqoji kollektivə təşəkkür edib, nailiyyətlərin daha da artacağına və yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.
Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb.