Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış olmuşdur.
Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırım demişdir: Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda əldə etdiyi qələbələrdən böyük qürur duyuruq. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın haqq mübarizəsində onun yanında olub, bu gün də yanındadır. 2009-cu ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının əsası Naxçıvanda qoyuldu. Mustafa Kamal Atatürkün türk qapısı adlandırdığı Naxçıvan türk coğrafiyasını Anadolu ilə birləşdirir. Naxçıvan Muxtar Respublikasının inkişafından böyük qürur duyuruq. Bugünkü səfərimizin məqsədi də bərabərlik və həmrəyliyimizi ifadə etməkdir. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Starteji Əməkdaşlıq Şurasının bu il keçirilən iclasında qəbul edilən Qars-Naxçıvan dəmir yolu və qaz boru kəməri layihəsinin təsdiq olunması mühüm əhəmiyyət daşıyır. Türkiyə bundan sonra da Azərbaycanın və Naxçıvanın yanında olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün Türkiyə dövlətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməsi ölkələrimiz arasındakı dostluq və qardaşlığın əyani ifadəsidir. Nümayəndə heyətinə görkəmli siyasi xadim Binəli Yıldırımın rəhbərlik etməsi də Türkiyə dövlətinin bu səfərə verdiyi əhəmiyyətin və Azərbaycana göstərilən siyasi dəstəyin əyani ifadəsidir. Bütün bunlara görə bir daha Türkiyə dövlətinə və rəhbərliyinə minnətdarlıq edirik.