Noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan – Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir.

“Azərbaycan və Türkiyə xalqları tarixən bir yerdə olublar. Bu gün də bir yerdədirlər və eyni mövqedən çıxış edirlər”,- deyən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir.

Naxçıvan Muxtar Respublikasına səfəri bir millətin iki dövlətinin göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bir daha qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.

Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək demişdir: “Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan bütün əsgərlərimizə qələbə arzulayır, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirəm. Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri vardır. Naxçıvan Anadolunun türk dünyası ilə əlaqəsi olan önəmli muxtar respublikadır. Biz Naxçıvanı türk dünyasına açılan qapı olaraq görürük. Ona görə də Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildi. Bu qərarlardan biri də Naxçıvana Qars üzərindən dəmiryolunun çəkilməsi ilə bağlı oldu”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyətçi Hərəkət Partiyasının Türkiyə Parlamentindəki fraksiyasının Sədri Cəlal Adan və Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişlər.