Ümummilli liderimiz Heydər Əliyev deyib: “Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır”.

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkinçiliyin inkişafı mühüm yer tutur. Mütərəqqi irriqasiya sistemlərinin qurulması əkin sahələrini genişləndirir, uzun illər əkilməyən torpaqlarda bol məhsul istehsalına zəmin yaradır. Xüsusilə strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi, iqlim xüsusiyyətlərinə uyğun keyfiyyətli toxum sortlarından istifadə və məhsulun itkisiz yığılması qarşıda duran əsas vəzifələrdəndir.

İyunun 27-də “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsində muxtar respublikada taxıl biçininin gedişi və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, bu ilin məhsulu üçün muxtar respublikada 36 min 879 hektar taxıl əkilib ki, onun da 7 min 282 hektarı dəmyə sahələrdir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 107 taxılbiçən kombayn, 295 qoşqu, 301 kipvuran, 81 özüboşaldan avtomaşın, 602 traktor, 38 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib. 2019-cu ildə və bu ilin ötən dövründə muxtar respublikada 18 kombayn lizinq yolu ilə fiziki şəxslərə satılıb. Hazırda biçinə cəlb olunan “Dominator Klass”, “New Holland” və “Sampo” markalı müasir kombaynların 93-ü fiziki şəxslərə, 7-si “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə,  6-sı isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilib, zəruri ehtiyat hissələri alınıb, texniki xidmət təşkil olunub. Bundan başqa Naxçıvan şəhərində ehtiyat hissələrin satışı bazarı və mağazalarda da lazım olan hissələr mövcuddur. Həmçinin taxıl zəmilərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 12 yanğınsöndürmə qrupu xidmət aparır.

Bu günə qədər muxtar respublika üzrə 10 min 655 hektar sahədə biçin aparılıb. Məhsuldarlıq 28,3 sentinerdir. Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 38, arpanın hər kiloqramı 35, qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Yeni texnikaların alınması, torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsi, suvarma sistemlərinin yenidən qurulması, məhsuldar toxum sortları ilə təminat və mütəxəssis hazırlığı kənd təsərrüfatının hərtərəfli inkişafına səbəb olub, Azərbaycanda enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinə də nail olunub. Naxçıvan Muxtar Respublikasında da bu sahəyə diqqət göstərilir. Qəbul olunan dövlət proqramlarının tərkib hissəsi kimi ardıcıl tədbirlər həyata keçirilir, mütərəqqi suvarma sistemləri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, müasir texnikalar alınıb gətirilir, torpaq mülkiyyətçiləri keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilirlər.

Ali Məclisin Sədri deyib: “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əkin sahələri vaxtilə istifadəsiz torpaqlar idi. Lakin 1200 hektarda yeraltı suvarma şəbəkəsinin qurulması bir neçə ildir bu ərazidən bol məhsul götürülməsinə imkan verir. Bu gün muxtar respublikada taxıl əkilən 36 min hektardan artıq ərazinin 10 min hektardan çoxu biçilib. Yaradılan şəraitin nəticəsidir ki, biçin mütəşəkkil aparılır. Kombayn təminatı, taxılın ərazidən rahat daşınması və qəbulu, şumun vaxtında aparılması əhali tərəfindən razılıqla qarşılanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, gələcəkdə də muxtar respublikanın taxıl zəmilərindən yüksək nəticələr əldə etmək mümkün olacaqdır.

Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirib, taxıl biçininin iyulun sonuna qədər başa çatdırılması və növbəti əkinə hazırlıq barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev, Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxar Respublikasının Fövqəladə Hallar naziri Şamı Abdullayev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov taxıl biçininin gedişi ilə bağlı aidiyyatı üzrə məlumat veriblər.

Baxış zamanı qeyd olunub ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2 min hektar əkin sahəsi ayrılıb. Bu ilin məhsulu üçün 1300 hektar sahədə taxıl əkilib. Əkin şırım üsulu ilə aparılıb, yerli iqlim şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldar “Qobustan”, “Quality”, “Bezost” və “Fatimə” toxum sortlarından istifadə olunub. Bugünə qədər 205 hektar sahə biçilib.

Toxumçuluq təsərrüfatının kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasının və toxumçuluq təsərrüfatının yaradılmasının muxtar respublikanın ərzaq təminatında xüsusi yeri vardır. Həmçinin təsərrüfatın müasir texnikalarla təmin olunması yeni iş yerlərinin açılmasına və mütəxəssislərin yetişməsinə səbəb olub. Əsas ərzaq məhsulu olan taxılın əkilməsi, becərilməsi və biçilməsi müqəddəs işdir. Kollektivin əməyinin bəhrəsindən muxtar respublikanın hər bir sakini bəhrələnəcək, onlar sağlam və keyfiyyətli məhsulla təmin olunacaqdır.

Ali Məclisin Sədri toxumçuluq təsərrüfatının formalaşmasında dövlət qayğısı ilə yanaşı, kollektivin də əməyinin olduğunu bildirib, onlara işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri taxıl sahələrindən nümunələr götürülməsi və məhsuldar yerli sortların artırılması, toxumların qiymətinin təsdiq olunması, tikilən qapalı suvarma şəbəkələrində işlərin payız əkinlərinə qədər başa çatdırılması barədə aidiyyatı üzrə tapşırıqlar verib.