Mayın 18-də Muğancıq-Mehrab Kənd Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, binada Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, arxiv, kitabxana və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 3572 kitab vardır.
Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülmüş, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 78 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 206 üzvü vardır ki, onların da 40-ı gənc, 57-si isə qadındır.
Kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.
Ali Məclisin Sədri heyvandarlığın inkişafında süni mayalanmanın əhəmiyyətini qeyd etmiş, kənddə camışçılıq və qoyunçuluq təsərrüfatlarının genişləndirilməsi barədə tapşırıqlar vermişdir. Mərkəzdə feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulmuşdur.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.