Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.
Ulu öndərin siyasi xətti Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqi yoludur. Bu gün muxtar respublikada dahi rəhbərin yolunun davam etdirilməsi çoxşaxəli inkişafın əsasını qoymuş, quruculuq işlərinin miqyası genişlənmişdir. İnsanların rahat yaşayışına xidmət edən infrastrukturun yaradılması, yeni sosial obyektlərin, istehsal sahələrinin, inzibati və yaşayış binalarının, müasir yolların istifadəyə verilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Sahil Parkının yaradılması da bu tədbirlərin davamıdır.
Mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan şəhərini də əhatə etmişdir. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb. Sahil Parkının istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Mirsənani Seyidov yaradılan şəraitə görə şəhər sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində 20 hektarlıq yeni parkın istifadəyə verildiyini bildirmiş, ulu öndərin doğum günü və yeni parkın açılışı münasibəti ilə muxtar respublika sakinlərini təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin həyatı Azərbaycan xalqına və dövlətinə xidmətdən ibarət olmuşdur. Həyat və fəaliyyətini xalqına həsr edən ulu öndər sağlığında fenomen şəxsiyyətə çevrilmiş, Azərbaycan xalqının böyük məhəbbətini qazanmışdır. Bu gün də ulu öndərimizin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ali Məclisin Sədri demişdir: İnsanlar vardır ki, həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməlləri yaşayır, xalqına və dövlətinə uğur gətirir, ölkəsinin inkişafına xidmət edir. Ümummilli liderimiz də belə şəxsiyyətlərdəndir. O, sağlığında Azərbaycan dövlətini müstəqillik və inkişaf yoluna çıxarmışdır. Bu gün də dahi şəxsiyyətin yolu Azərbaycan xalqının və dövlətinin inkişafına xidmət edir. Ona görə də hər il ulu öndərin doğum günü Azərbaycanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Dahi şəxsiyyətin doğum günündə Naxçıvan şəhərində yeni parkın istifadəyə verilməsi də ulu öndərin xatirəsinə və onun şəxsiyyətinə olan böyük ehtiramın daha bir ifadəsidir. Bu gün dünyada böyük problemlər var. Lakin ümummilli liderimizin yolunun davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf və tərəqqidir.
Ali Məclisin Sədri ulu öndərin doğum günündə Naxçıvan şəhərində yeni parkın istifadəyə verilməsi münasibətilə bir daha muxtar respublika sakinlərini təbrik etmiş, xoş istirahətlər arzulamışdır.
Sonra Ali Məclisin Sədri parkda yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ümumi sahəsi 20,6 hektar olan Sahil Parkında 2 idman meydançası, tennis kortu və 4 stolüstü tennis quraşdırılmış, 100 yerlik kafe istifadəyə verilmişdir. Hər birinin sahəsi 450 kvadratmetr olan idman meydançalarında müxtəlif idman qurğuları qoyulmuşdur ki, bu da sakinlərin fiziki sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Parkın ərazisində uzunluğu 2834 metr olan velosiped zolağı salınmış, dayanacaq quraşdırılmış və 11 velosiped alınmışdır.
Parkda 2 şəlalə tikilmiş, Naxçıvançay yatağında yaradılmış göldə 3 fəvvarə quraşdırılmışdır. Ərazidə avtomobil dayanacaqları yaradılmış, abadlıq işləri görülmüş, meyvə, dekorativ ağaclar və gül kolları əkilmiş, 78 müxtəlif heyvan fiquru qoyulmuşdur. Parkın ərazisi müasir işıqlandırma və suvarma sistemi ilə təchiz edilmiş, hər birinin tutumu 31 ton olan 4 su çəni və 4 nasos quraşdırılmışdır. Yeni istirahət parkı Naxçıvanın abad ünvanlarından biri kimi şəhərin simasını daha da gözəlləşdirmiş, sakinlərin sevimli istirahət guşələrindən birinə çevrilmişdir.
Ali Məclisin Sədri tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirmiş, Sahil Parkının turist marşrutlarına daxil edilməsi və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti