Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur.

 1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən, təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir.

Görkəmli dövlət xadiminin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər də xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsası qoyulmuşdur. Bu dövrdə təkcə iqtisadi sahəyə deyil, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq, ulu öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü məktəb – Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizdə hərbi uğurların təməli də məhz 50 il əvvəl atılmış bu cəsarətli addıma əsaslanır.
Müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması və kadr hazırlığı kifayət deyil. Bunun üçün milli şüuru oyatmaq lazımdır. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratmışdır. Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, milli dəyərlərimizin və adət-ənənələrimizin qorunub yaşadılması, tarixi-mədəni irsimizə göstərilən qayğı, soy-kökümüzə sahiblik milli özünüdərkə səbəb olmuş, milli şüurda əsaslı dəyişikliklər yaratmışdır.

Azərbaycanın və Türk dünyasının böyük oğlu Heydər Əliyev 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini hər zaman üstün tutmuşdur. Unutmaq olmaz ki, dahi şəxsiyyət SSRİ rəhbərliyində təmsil olunan zaman erməni şovinistləri respublikamıza qarşı əsassız ərazi iddiaları irəli sürməyə cəsarət edə bilməmişdilər. Buna görədir ki, böyük təzyiqlər nəticəsində 1987-ci ildə ulu öndərimiz siyasi hakimiyyətdən uzaqlaşmış, bundan 15 gün sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisinin müstəqilliyi məsələsi gündəliyə çıxarılmışdı. Erməni millətçiləri və onların Moskvadakı havadarlarının Azərbaycana qarşı təzyiqləri başlamış, bu təzyiqlərin tərkib hissəsi kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakı şəhərinə hərbi qoşun qüvvələri yeridilmişdir. Həmin vaxt böyük siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyində ulu öndər Heydər Əliyev təcavüzkarları cəsarətlə ifşa etmiş, baş vermiş hadisənin hərbi cinayət olduğunu bütün dünyaya çatdırmışdır. Bu bəyanatdan sonra görkəmli dövlət xadiminə qarşı böyük təzyiqlər başlamış, dahi şəxsiyyət 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana gəlmiş, burada xalq tərəfindən böyük izdiham, sevgi və coşqu ilə qarşılanmışdır.

Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu… O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Ümummilli liderin Naxçıvana gəlməsi, sözün əsl mənasında, tarixin hökmü, zərurəti idi. Çünki həmin dövrdə Naxçıvanda mürəkkəb şərait yaranmışdı. Bir tərəfdən SSRİ rəhbərliyinin Azərbaycana hərtərəfli təzyiqləri, digər tərəfdən ermənilərin ölkəmizin digər bölgələri ilə yanaşı, Naxçıvana əsassız torpaq iddiaları və bu iddiaların nəticəsi olaraq qədim diyarın blokadaya alınaraq işğal edilməsi planı vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir tarixi şəraitdə Naxçıvan məhv olmamaq üçün möcüzə gözləyirdi, hansı ki bu möcüzəni qədim yurdun insanlarına elə bu yurdun böyük oğlu Heydər Əliyev bəxş etdi. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə ümummilli lider yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumilikdə, ölkəmiz üçün taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən görkəmli dövlət xadimi Naxçıvanı xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizə mərkəzinə çevirmişdir. Bu gün iqtidar partiyası kimi liderliyi və dünyada siyasi nüfuzunu qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. Azərbaycanı müstəqilliyə doğru inamla aparan, siyasi müstəvidə həyata keçirilən bu tədbirlərlə yanaşı, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun iqtisadi model formalaşdırılırdı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Məhz ulu öndərin Naxçıvandakı siyasi fəaliyyəti dövründə torpaqlarımızın erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Bir sözlə, müstəqilliyin başlanğıc illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir.

Xalqımızın böyük oğlu tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış, onun milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən ulu öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.

1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi müstəqilliyimizin və dövlətçiliyimizin xilası gününə çevrilmişdir. Məhz Heydər Əliyev dühasının ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndərin böyük xidmətləri sayəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malik qlobal layihələrə imza atılmış, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Qısa müddətdə ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlamış, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Bu dövrdə ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan Ordusunun maddi-texniki bazası dəfələrlə gücləndirilmiş, döyüş ruhu yüksəldilmiş, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları ilə təchiz olunmuşdur. Beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə də öz gücünü artırmış, bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ən mühüm tranzit qovşağına çevrilmişdir. Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə əsl müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Neft və qeyri-neft sektorunun inkişafı, aqrar islahatların aparılması, insan amilinin yüksək dəyərləndirilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, texnologiya kimi ən müxtəlif sahələrdə mühüm uğurların qazanılması bunu bir daha sübut edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri cənab Vasif Talıbov demişdir: “Dahi öndər Heydər Əliyev Yeni Azərbaycanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Onun Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır!”

Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu gün özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Blokada vəziyyətində olmasına baxmayaraq, qədim diyarımız yeni inkişaf nümunəsi ortaya qoyub. Heydər Əliyev ideyalarına tükənməz sədaqətin nümunəsi olan Naxçıvan bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin etmiş, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilib. Ötən dövrdə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində böyük işlər görülüb. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi Naxçıvanın ixrac potensialını artırmış, 2020-ci il muxtar respublikada “İxrac ili” elan edilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənc­lər Paytaxtı seçilib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində isə Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Enerji təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılmış, ötən dövrdə su və günəş elektrik stansiyalarının tikintisi davam etdirilmiş, 2019-cu ildə muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 60 faizə yaxınını alternativ və bərpa olunan enerji təşkil etmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi bu uğur Naxçıvanı enerji idxal edən regiondan enerji ixrac edən regiona çevirmişdir.

Naxçıvanın müdafiə təhlükəsizliyi sahəsində atılan ən mühüm addımlardan biri, sözsüz ki, ordu quruculuğudur. Ötən illər ərzində muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və ordumuzun maddi-texniki təminatı ilə bağlı görülən işlər, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, həmçinin muxtar respublikamızdakı hərbi birləşmə və hissələrdə xidmət üçün yüksək­səviyyəli şəraitin yaradılması ordumuzun gücünü dəfələrlə artırıb. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin işğaldan azad edilməsi isə ordumuzun qüdrətinin daha bir ifadəsinə çevrilib.

Bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə qovuşduracaqdır. Nə qədər ki müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.