Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır.
Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola asfalt-beton örtük salınacaqdır. İki hərəkət zolağından ibarət olacaq yolun eni 11 metrə qədər genişləndiriləcəkdir. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10 kilometrə yaxın suaparıcı kanallar çəkiləcəkdir.
Ali Məclisin Sədri mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.