Yanvarın 13-də Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət bina 8 otaqdan ibarətdir. Birinci mərtəbədə transmissiya, generator və elektrik otaqları, ikinci mərtəbədə isə 2 baza stansiyası, nəzarətçi və teleradio vericiləri otaqları yerləşir. Transmissiya otağında fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, baza stansiyalarında 2 rəqəmsal televiziya və 3 radio vericisi, mobil operatorların baza stansiyaları və köməkçi avadanlıqları, nəzarətçi otağında isə efirə nəzarət üçün 2 monitor quraşdırılıb.

150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərinin şüalandırıcıları, anten-fider sistemləri qurulub, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunub. Yaradılan şərait ərazidə teleradio yayımlarının kəsintisiz həyata keçirilməsinə imkan verəcəkdir.

Sonra kollektivlə görüş olub.

Ali Məclisin Sədri yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün istifadəyə verilən stansiya Ordubad rayonu ərazisində 12 televiziya və 10 radio yayımını təmin edir. Əvvəlki avadanlıqların yararsız vəziyyətdə olması müəyyən çətinliklər yaradırdı. Lakin stansiyada quraşdırılan müasir avadanlıqlar çətinlikləri azaltmışdır. Ona görə də avadanlıqlar öyrənilməli və onlardan düzgün istifadə edilməlidir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikamızda bu sahənin inkişafı da diqqətdə saxlanılmış, 2018-ci ildə İbadulla Radio-Televiziya Verici Stansiyası yenidən qurulmuşdur. Bu gün isə Dəstə Radio-Televiziya Verici Stansiyası istifadəyə verilir. Avadanlıqları yaxşı öyrənmək, onlara düzgün xidmət göstərmək kollektivin qarşısında duran əsas vəzifədir. Bəzi ölkələrdə analoq yayımdan rəqəmsal yayıma keçidə yenicə başlanıb. Lakin muxtar respublikada bir neçə il bundan əvvəl tam rəqəmsal yayıma keçilmişdir. Kollektiv avadanlıqlara yaxşı xidmət göstərməli, onları qorumalıdırlar.

Stansiyanın mühəndisi Qüdrət Fərzəndov çıxış edərək deyib: Dəstə Radio-Televiziya Verici Stansiyası 1981-ci ildən fəaliyyət göstərir. 39 ildir burada çalışıram. Lakin heç vaxt bugünkü kimi müasir iş şəraitimiz olmayıb. Ötən il Ali Məclis Sədrinin Sərəncamına uyğun olaraq əməkhaqlarımız artırılıb. Bu gün isə müasir stansiya istifadəyə verilir. Qüdrət Fərzəndov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirib.

Ali Məclisin Sədri muxtar respublikada digər radio-televiziya verici stansiyaların da yenidən qurulması ilə bağlı tapşırıqlar verib.