Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. İclası  daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd olunduğu kimi, daxili işlər orqanlarının ixtisaslı kadrlarla  komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb, məktəb üçün  müasir  kompleks istifadəyə verilib. Əhali arasında hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə  göstəricilərin  aşağı səviyyədə olması qorunub saxlanılıb.

Sonra muxtar respublikanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov 2019-cu ildə  daxili işlər orqanları tərəfindən görülmüş işlərin nəticələri ilə bağlı məruzə edib.

Qeyd olunub ki, daxili işlər orqanları böyük məsuliyyət hissi ilə üzərinə düşən vəzifələri  layiqincə yerinə yetirərək 2019-cu ildə bütün fəaliyyət sahələri  üzrə  əvvəlki illərin  göstəricilərindən daha yüksək  nəticələr əldə edib. Təkcə cinayətkarlığın dinamikasına nəzər yetirəndə 2018-ci illə müqayisədə 2,5 dəfə azalmanın müşahidə olunması qeyd edilənlərə əyani sübutdur.

Vurğulanıb ki, 2019-cu ildə  Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib.

İnsan alverinə qarşı  mübarizə  sahəsində heç bir  cinayət faktı qeydə alınmayıb, – deyən general-leytenant Fazil Ələkbərov bildirib ki, 2019-cu ildə narkotik vasitələrin, psixotrop maddələrin  və  onların  prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 2018-ci illə müqayisədə 12 inzibati fakt artıq aşkar edilib. Qanunsuz saxlanılan  silahların yığılması istiqamətində də mühüm tədbirlər görülüb. Əhali arasında aparılan  maarifləndirmə tədbirlərinin nəticəsidir ki, vətəndaşlar

tərəfindən 319 müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib. Bu da  2018-ci ilin göstəricisindən 20,1 faiz çoxdur.

Kollegiya iclasında vətəndaş-polis münasibətlərinin qurulması, yetkinlik yaşına çatmayanlarla  işin təşkili sahəsində görülən tədbirlər də ətraflı təhlil olunub.

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyəyə  çatdırılması da xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda Şərur rayonu ərazisində  əməliyyat taboru üçün  yüksək standartlar səviyyəsində tikilən  kompleks hərbi qulluqçuların  xidmət və yaşayış  şəraitini  yüksəltməklə yanaşı,  ərazi üzrə istənilən  döyüş tapşırığını operativ yerinə yetirməyə əlavə stimul yaradacaq.

Daxili işlər naziri biometrik şəxsiyyət vəsiqələrinin verilməsi məsələsinə  də münasibət bildirib.  Qeyd  olunub ki,  bu prosesə keçid ölkəmizin inkişafının bariz nümunəsidir.

Vətəndaş məmnunluğunun  təmin edilməsi də  kollegiya iclasında  diqqət mərkəzində dayanıb. Vurğulanıb ki,  muxtar respublikada insan amillinə yüksək dəyər verilir. Səyyari xidmətin  fəaliyyəti  vətəndaşlar arasında böyük məmnunluq  hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu  daha da möhkəmləndirib. Hesabat dövrünün yekunu və hərtərəfli təhlili onu göstərir ki, muxtar respublikanın daxili işlər orqanları 2019-cu ildə də  qarşıda duran vəzifələrin icrasına, ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunmasına  məsuliyyətlə yanaşıb, cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətli mövqe nümayiş etdirib.

Məruzə ətrafında müzakirələrdə təşkilat-inspeksiya idarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, ictimai təhlükəsizlik idarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov, Dövlət Yol Polisi İdarəsinin  rəisi, polis mayoru Ayaz  Quliyev, Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov və başqaları çıxış ediblər.

Sonra  kollegiyanın qərarı qəbul olunub.

Kollegiya iclasına  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general- leytenant Fazil Ələkbərov yekun vuraraq  2020-ci ildə  qarşıda duran  vəzifələrlə əlaqədar şəxsi heyətə müvafiq tapşırıqlar verib. Əmin olduğunu bildirib ki,  cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin  təmini sahəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar tam həcmi ilə  yerinə yetiriləcək. Sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların  qanuni mənafelərinin  hüquqazidd əməllərdən  qorunması təmin edilərək Naxçıvanın  cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq.