Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev açaraq müəllim kollektivini və kursantları bayramlar münasibətilə təbrik edib.
Qeyd olunub ki, daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək üçün Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. Bu, muxtar respublikamızda gənclərə göstərilən növbəti qayğının bariz nümunəsidir.
Bildirilib ki, göstərilən diqqət və qayğı müqabilində Orta İxtisas Polis Məktəbinin pedaqoji kollektivi kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması, daxili işlər orqanlarında gələcək xidmətləri dövründə qanunçuluğun, dövlətin və vətəndaşların qanuni mənafelərinin təmin edilməsi, ictimai təhlükəsizliyin qorunmasında üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmək üçün səy göstərirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov Daxili İşlər naziri, general leytenant Fazil Ələkbərovun təbrikini məktəb kollektivinə və kursantlara çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, məktəbin müəllimlərindən Şükür Məmmədov və Səadət Qasımova çıxış edərək tədbir iştirakçılarının bayramlarını təbrik ediblər.
Məktəbin kursantlarından Miribrahim Qasımov və Həsən Yusifov göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.