Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Böyükdüz kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Xidmət sahələrinin fəaliyyəti üçün mərkəzdə nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışı ayrıca bölmədə təşkil edilib.

Xidmət mərkəzində işlə təmin olunan Nərminə Rəsulova və dərzi İlqar Camalov göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri Böyükdüz kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Aparılan quruculuq işləri Böyükdüz kəndinə yeni bir həyat və rahat yaşayış gətirib. Müasir məktəbin, yolun, xidmət mərkəzinin və həkim ambulatoriyasının istifadəyə verilməsi, görülən abadlıq işləri sakinlərin rahatlığına hesablanmışdır. Vaxtilə kənddə istixana kompleksi və sənaye şəhərciyi istifadəyə verilmiş, toxumçuluq təsərrüfatı yaradılmışdır. Hazırda toxumçuluq təsərrüfatında qapalı suvarma şəbəkəsi qurulur. Kənddə 1000 hektara yaxın pay, 5400 hektara yaxın bələdiyyə torpağının olması əkinçilik üçün geniş imkanlar açır. Böyükdüz kənd sakinləri torpağa bağlı insanlardır. Kəndin zəhmətkeş insanları torpaqlardan səmərəli istifadə edərək həm öz yaşayışlarını təmin edir, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verirlər. Eyni zamanda kənddə 350-ə yaxın sakin dövlətdən əməkhaqqı, təqaüd və pensiya formasında vəsait alır.

“Azərbaycandakı mövcud sabitlik və inkişafın, dövlət-xalq birliyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsi Böyükdüz kəndinin timsalında aydın görünür”, – deyən Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə sakinləri təbrik edib.

Kənd sakini Vaqif Babayev çıxış edərək deyib: Böyükdüz Kəngərli rayonunun sürətlə inkişaf edən kəndlərindəndir. Kəndimiz geniş torpaqlara malik olsa da uzun illər bu ərazilərdən istifadə olunmayıb. Bunun da səbəbi həmin torpaqların suvarma suyu ilə təmin olunmaması idi. Məhz Ali Məclis Sədrinin diqqət və qayğısı ilə son illərdə bu ərazilər suvarma suyu ilə təmin olunub, yüzlərlə hektar sahə əkin dövriyyəsinə qatılıb, böyük yaşıllaşdırma işləri aparılıb. Ərazidə istixana, toxumçuluq təsərrüfatı, eyni zamanda Naxçıvan Sənaye Kompleksi fəaliyyət göstərir ki, kənd sakinlərinin də çoxu bu müəssisələrdə çalışır. Bu gün istifadəyə verilən obyektlər kənd sakinlərinin böyük sevincinə səbəb olub. Məktəb binasının yenidən qurulması şagirdlərin burada yaxşı təhsil almasına, həkim ambulatoriyasında yaradılan şərait sakinlərə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcəkdir. Bir sözlə, Böyükdüz kəndi qəsəbə görkəmindədir. Bütün bunları dövlətin kənd sakinlərinə göstərdiyi diqqət və qayğı kimi dəyərləndiririk. Bu gün Naxçıvan Muxtar Respublikası öz inkişaf dövrünü yaşayır. Bu tarixə şahidlik etmək hər bir sakin üçün xoşbəxtlikdir. Vaqif Babayev kənd sakinləri adından minnətdarlıq edib, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz verib.

***

Böyükdüz kəndində sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 500 metr yeraltı, 400 metr fiber-optik və 1330 metr hava rabitə xətləri çəkilib. Bundan başqa 1 transformator quraşdırılıb, 2 transformator əsaslı təmir olunub, 3020 metr uzunluğunda izolyasiyalı elektrik və 50 metr polietilen borularla qaz xətti çəkilib, 7688 metr qaz xəttində təmir-bərpa işləri aparılıb.