Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 40 əməkdaşı arasında şahmat yarışı keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Yarışın hakimi, beynəlxalq dərəcəli qrossmeyster Urfan Sevdimalıyev birinciliyin keçirilmə qaydaları barədə məlumat verdikdən sonra
nazirliyin Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada idmanın bütün sahələrinin inkişafına göstərilən qayğıdan danışıb. Bildirib ki, “Bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmatın da inkişafı diqqət mərkəzində saxlanılıb. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri tikilib istifadəyə verilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində şahmat fənninin
tədris olunması qədim diyarımızda bu idman növünə davamlı qayğının ifadəsidir. Hər il muxtar respublikada beynəlxalq və ölkədaxili şahmat festivallarının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirib.
Rəşad Seyidov Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun adından idmançılara uğurlar arzulayıb, yarışın keçirilməsinə göstərdiyi köməkliyə görə Şahmat Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Nazirliyin Polis Veteranları Şurasının sədri, təqaüddə olan polis polkovniki Yusif Həsənov yarış iştirakçılarını təbrik edib,şahmatçılara qələbələr arzulayıb.
Sonra yarışa start verilib. Nahar fasiləsindən sonra yarışın nəticələri ilə bağlı tədbir keçirilib, birinci yerə çıxmış Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin əməkdaşı Qismət Novruzova, ikinci yerə sahib olmuş Babək Rayon Polis Şöbəsinin əməkdaşı Ramin Abdullayevə, üçüncü yerin sahibi Culfa Rayon Polis Şöbəsinin əməkdaşı Cəfər Məmmədova fəxri fərman və hədiyyələr təqdim olunub.
Polis polkovniki Rəşad Seyidov qalibləri təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, qaliblər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə muxtar respublikanın nazirlik, komitə, xidmət, idarə və müəssisələrinin əməkdaşları arasında keçiriləcək şahmat turnirində iştirak edəcəklər.