Həmin gün Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılıb.

Xidmət mərkəzində işlə təmin olunan İradə Qarayeva öz minnətdarlığını bildirib.

Xidmət mərkəzinin istifadəyə verilməsindən sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Bu gün Xələc kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu, kənddə lazım olan infrastruktur yaradıldı. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, yolun istifadəyə verilməsi kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ümummilli lider Heydər Əliyevin yolu, əməlləri yaşayır və bu yol Azərbaycanı inkişaf edən ölkələr sırasına çıxarmışdır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Xələc kəndində də inkişafa səbəb olmuşdur. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir.

Ali Məclisin Sədri sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Kənd ağsaqqalı Sabir Şabanov minnətdarlıq edərək deyib: Muxtar respublikamızda quruculuq işləri Ali Məclis Sədrinin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edir və bütün kəndlərimiz günü-gündən gözəlləşir. Bu gün Xələc kəndində də müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzinin və yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Əvvəlcə kəndin yolları pis vəziyyətdə idi. Rayona gedib-gəlmək çətin idi. Sakinlər əziyyət çəkirdi. İndi isə yollar abadlaşıb, Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub, kəndin küçələrinə asfalt örtük salınıb, telefon, internet, qaz və elektrik xətləri yenilənib. İndi Xələc kəndi ilə şəhər arasında heç bir fərq qalmayıb.

Bu il “Ailə təsərrüfatı ili”dir. Xələc kəndinin sakinləri də zəhmətkeş, torpağa bağlı insanlardır. Kənd camaatının əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ali Məclis Sədrinin qayğısı ilə Araz çayından çəkilən suyun hesabına kəndin su problemi həll edilib. Bizə verilən pay torpaqlarını əkir, vaxtlı-vaxtında suvara bilirik. Bunlar hamısı Ali Məclis Sədrinin kənd sakinlərinə göstərdiyi diqqət və qayğının sayəsindədir. Çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edək, yarmarkalarda, festivallarda rayonumuzu layiqincə təmsil edək.

Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirib.

***

Xələc kəndində abadlıq işləri də aparılıb, 1364 metr fiber-optik, 9195 metr rabitə xətləri, 2 transformator yenidən qurulub, 7000 metr izolyasiyalı hava elektrik xətti çəkilib. 1734 metr yeni qaz xətti çəkilib, 4450 metr mövcud qaz xətti təmir olunub. 5,9 kilometr kollektor lildən təmizlənib, mövcud subartezian quyusu təmir edilib.