Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyinə və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə edilmiş maddi mədəniyyət nümunələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamların icrası nəticəsində maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə maraq artıb. Muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması da bunun bariz ifadəsidir. Bu gün muzey fondlarının zənginləşdirilməsində təkcə muzey əməkdaşları deyil, muxtar respublikada yaşayan vətəndaşlar, o cümlədən tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, rəssamlar və incəsənət adamları yaxından iştirak edirlər. Artıq 3 ildir ki, xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət
nümunələri, xalçalar, qədim əlyazmalar və rəsm əsərlərinin muzeylərə təqdim edilməsi təqdirəlayiq ənənəyə çevrilib. 2019-cu ilin
noyabr ayınadək 12 eksponat təqdimatı keçirilib. Bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərinə 2044 yeni eksponat daxil olub. Sevindirici haldır ki, bu aksiyaya artıq muxtar respublikanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanları da qoşulur. Keçirilən bu təqdimat mərasimində də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edirlər. Bu gün onlar tərəfindən muzeylərə 27 sayda yeni eksponat təqdim edilir. Həmin eksponatların muzey ekspozisiyalarında sərgilənməsi nəzərdə tutulur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidovun və Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun da çıxışları dinlənilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları Ali Məclis Sədrinin milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində
tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq əhali arasında hüquqi-maarifləndirmə tədbirlərini genişləndirib və bu sahədə müəyyən
nəticələr əldə edilib. Bunun nəticəsidir ki, bu gün keçirilən təqdimat mərasimində vətəndaşlardan könüllü təhvil götürülmüş 19
müxtəlif adda qədim əşya, 6 tüfəng, 1 tapança və 1 patrondaş muzeylərdə eksponat kimi nümayiş olunması və mühafizə edilməsi üçün Mədəniyyət Nazirliyinə təhvil verilib. Sonda muzeyə təqdim olunan eksponatlara baxış olub.