Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə bayrağımız qəbul edilmişdir. Lakin cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız Azərbaycanda ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında qaldırılmış və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalmışdır. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür.

Noyabrın 9-da muxtar respublikada Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilmiş, Naxçıvan şəhərində yeni badam bağı salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

 Məlumat verilmişdir ki, bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektara yaxın sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaq, bərpa əkinləri aparılacaqdır. Əkin zamanı 125 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən istifadə olunacaqdır.

Yeni salınan badam bağı 55 hektardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri ərazinin 15 hektarında 3 mindən artıq badam tingi əkmişlər.

Ali Məclisin Sədri mövsüm ərzində badam bağında əkin işlərinin başa çatdırılması və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə ümumilikdə 22 mindən artıq sakin iştirak etmiş, 30 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınmış, 6 hektarda bərpa əkini aparılmış,  20 mindən artıq müxtəlif meyvə və meşə tingi əkilmişdir.