Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.

Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Gülşənabadda yeni məktəb binası istifadəyə verilib

Oktyabrın 28-də Gülşənabad kənd ümumi orta məktəbin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 144 şagird yerlik üçmərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 13 kompüter quraşdırılıb. Kitabxanada 667-si dərslik və 1168-i bədii ədəbiyyat olmaqla, 1835 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. İdman zalında şagirdlərin fiziki hazırlığı üçün lazımi şərait yaradılıb.

Bildirilib ki, bu tədris ilində məktəbin birinci sinfinə 11 şagird qəbul olub.

Məktəbdə yeni işlə təmin olunan gənc müəllimlərdən Vəfa Sadiqova, Lalə Zeynalova və Tərlanbəyim Məmmədova yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Məktəb muxtar respublikanın muzey şəbəkəsinə qoşulub və Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilib.

Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.

Məktəbin direktoru Vüsal Tağıyev çıxış edərək deyib ki, muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davamı kimi, Gülşənabad kəndində yeni məktəb binası tikilib. Cari tədris ilinə qədər ibtidai məktəb kimi fəaliyyət göstərən təhsil ocağı Ali Məclis Sədrinin tapşırığı ilə ümumi orta məktəbə çevrilib. Bu isə məktəbimizin həm müəllim, həm də şagird sayının artmasına səbəb olub. Məktəbin müasir maddi-texniki bazaya malik olduğunu bildirən Vüsal Tağıyev kollektiv adından minnətdarlıq edib.

Müəllim Fatma Kərimova deyib: “Bu gün ucqar dağ kəndlərinin infrastruktur təminatı baxımından şəhər və rayon mərkəzlərindən geridə qalmaması hər bir yaşayış məntəqəsinin inkişafına və insan amilinə verilən dəyərin ifadəsidir. Gülşənabad məktəbində yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada müəllim əməyinə yüksək qiymət verilir. Müəllimlərin işə qəbulu üzrə keçirilən sonuncu müsabiqədə yüksək nəticə göstərənlərdən 9-u bu məktəbə təyinat alıb. Yaradılan şəraitə görə məktəbin kollektivi adından minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da bilikli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Gülşənabad kəndinin həyatında əlamətdar gündür. Aparılan geniş quruculuq işlərindən sonra Gülşənabad müasir yaşayış məntəqəsinə çevrilib. Görülən işlər içərisində ən vacibi Gülşənabad kənd ümumi orta məktəbinin istifadəyə verilməsidir. Bugünədək kənddə ibtidai məktəb fəaliyyət göstərirdi və lazımi tədris şəraiti olmayan binada yerləşirdi. İbtidai məktəbi bitirən şagirdlər qonşu kənddəki məktəbdə təhsillərini davam etdirirdilər. Bütün bunlar isə tədrisin keyfiyyətinə öz təsirini göstərir, müəyyən çətinliklər yaradırdı. Lakin bu gün ən müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb istifadəyə verilir. Bu da şagirdlərin rahat və hərtərəfli təhsil almasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ən ucqar kəndlərdə də müasir məktəblər istifadəyə verilir, gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır. Eyni zamanda kəndlərimiz abadlaşır, insanların rahat yaşayışı təmin edilir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi və dahi şəxsiyyətin ideyalarına sədaqətin nəticəsidir. Təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, məktəblərin istifadəyə verilməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gələcəyi təmin etmək üçünsə, yalnız şəhər məktəblərində deyil, ümumilikdə ölkənin bütün məktəblərində eyni tədris şəraiti yaradılmalıdır. Bu gün Gülşənabad kənd məktəbi də müasir tədrisin tələbləri səviyyəsindədir. 144 yerlik məktəbdə internetə qoşulmuş kompüter sinfi, elektron lövhələr, laboratoriyalar, kitabxana, idman zalı və digər tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda məktəbdə bütün fənlər üzrə müəllimlərin olması şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Gülşənabad kənd ümumi orta məktəbinin gələcəkdə tam orta məktəbə çevrilməsi də kollektivin fəaliyyətindən asılıdır.

Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və əminliyini bildirib ki, Gülşənabad kənd ümumi orta məktəbi muxtar respublikanın qabaqcıl məktəbləri sırasında öz yerini tutacaqdır.