Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğunun genişlənməsinə, o cümlədən tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub. Kəndlərdə müasir həkim ambulatoriyalarının tikilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Oktyabrın 21-də Muğanlı kənd həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb. Bildirilib ki, ambulatoriyada 8 otaq – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi elektroterapiya və ultrasəslə, eləcə də ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.
Tibb bacısı Samirə Məmmədova yaradılan müasir iş şəraitinə görə minnətdarlıq edib, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirib.
Ali Məclisin Sədri əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi vacibliyini qeyd edib, ambulatoriyanın imkanlarından səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.