Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir.
Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, fizioterapiya kabinəsi, qeydiyyat otağı və aptek vardır. Elektron qeydiyyat sistemindən istifadə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib.Bildirilib ki, bu ilin ötən dövründə kənddə 16 uşaq doğulub.
Tibb bacısı Hürrü Həsənova yaradılan şəraitin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəyini bildirib, kollektiv adından minnətdarlıq edib.
Ali Məclisin Sədri səhiyyə xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda, həkim briqadalarının kəndə göndərilməsi, yaş qruplarına görə qeydiyyat aparılması, uşaqların və hamilə qadınların sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.