Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir”.
Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak edib.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, ehsan verilib.
Dindar Ağalar Bayramov deyib: Muxtar respublikamız inkişaf edir, abadlaşır, quruculuq işləri aparılır. Bununla yanaşı, mənəvi dəyərlərimiz də qorunur, yeni məscidlər tikilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır. Ağalar Bayramov dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Məhərrəm ayının 10-cu günü – Aşura İslam tarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. İmam Hüseyn islahatçı olub, insanları doğruya dəvət edib, bu yolda öz həyatını və yaxınlarını qurban verib. Bu mənada Aşura mərasimləri yalnız yas tutmaq deyil, həm də İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir. Muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olub, məscidlərdə qanvermə aksiyaları keçirilib, ehtiyacı olanlara həyat verilib.