Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılıb, xidmət mərkəzi fəaliyyətə başlayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün 4 iş otağı ayrılıb, kitabxana və iclas zalı istifadəyə verilib. Minə yaxın bədii ədəbiyyatla təmin olunmuş kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 5 otaq, bakterioloji laboratoriya və anbardan ibarətdir. Mərkəz lazımi avadanlıqlarla təmin olunub, fəaliyyətin təşkili üçün hərtərəfli şərait yaradılıb.
Kollektiv adından minnətdarlıq edən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Yusif Zeynalov əvvəllər lazımi şəraiti olmayan binada fəaliyyət göstərdiklərini qeyd edib, yaradılan şəraitin məsuliyyətlərini daha da artırdığını bildirib.
Ali Məclisin Sədri torpaqlardan səmərəli istifadə olunması, sərhəd bölgəsində gigiyena və epidemioloji tədbirlərin, xüsusilə dezinfeksiya işlərinin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Xidmət mərkəzində ərzaq mağazası, bərbərxana və gözəllik salonu, pinəçi dükanı, dərzi fəaliyyət göstərəcəkdir. Bütün xidmət sahələri lazımi avadanlıqlarla təmin edilib.