İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 19-cu buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev gənclərin hərb sənətinə yiyələnməsi vacibliyini önə çəkərək deyirdi: “Gəncləri hərbi məktəblərə daxil olmaq və Silahlı Qüvvələrimizin zabit korpusunda xidmət etmək üçün hazırlamaq qarşımızda duran ən mühüm vəzifədir”. Ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən ölkəmizdə ilk hərbi məktəbin yaradılması müstəqillik bərpa edildikdən sonra milli ordumuzun komandan-zabit heyətini formalaşdırmış, 1998-ci ildə dahi şəxsiyyətin Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının təşkil olunması isə blokada şəraitində yerləşən muxtar respublikanın müdafiə təhlükəsizliyinə töhfə vermişdir.

Ali Məclisin Sədri deyib: Böyük uzaqgörənliklə qəbul olunmuş bu qərarın tarixi əhəmiyyəti zaman keçdikcə öz təsdiqini tapmış, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 375 kursant təhsil alır. Builki məzunlar da nəzərə alınmaqla ötən dövrdə hərbi liseyi 3 mindən artıq kursant bitirərək ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olmuşdur. Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu, bizi qürurlandırır. Ölkəmizin gələcək zabitlərini hazırlayan Heydər Əliyev adına Hərbi Liseylə fəxr edirik!

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: Ordu o zaman güclü olur ki, onun peşəkar komandan-zabit heyəti olsun. Azərbaycan dövləti hərbi təhsil müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradır, zabit hazırlığına diqqəti artırır. Qalır bu imkanlardan səmərəli istifadə etmək. Hər bir kursant istər hərbi liseydə, istərsə də ali hərbi məktəblərdə təhsil aldığı dövrdə hərb sənətini dərindən öyrənməli, daim öz üzərində işləməli, gələcəyin zabiti kimi yetişməlidir. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri müasir maddi-texniki təminata, döyüş texnikalarına və silahlara malikdir. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında hərbi qulluqçuların xidməti və yaşayış şəraiti üçün ardıcıl tədbirlər görülür. Yeni hərbi hissələr, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Ona görə də gələcəyin zabiti olacaq gənclər məsuliyyətlərini daha da artırmalı, müasir döyüş texnikalarından və silahlardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, Ümummilli Liderimizin ideyalarına və Ali Baş Komandanımıza daim sədaqətli olmalıdırlar. Müstəqil Azərbaycanın zabiti adını daşımağın şərəfi də məhz bundan ibarətdir.

Ali Məclisin Sədri bir daha buraxılış münasibəti ilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından hörmət və ehtiramlarını bildirərək deyib: Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Görülən işlər sırasında ixtisaslı hərbiçi kadrların hazırlanması xüsusi yer tutur. Heydər Əliyev adına Hərbi Liseyin yaranması, keçdiyi inkişaf yolu və malik olduğu müasir təlim-tədris bazası bunu bir daha təsdiq edir. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılıb, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutublar.

Valideyn Sara Qurbanova çıxış edərək deyib: Bu gün bir valideyn kimi qürur duyuram. Çünki övladım Heydər Əliyev adına Hərbi Liseyi bitirərək ali hərbi məktəbə qəbul olub. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən qiymətlidir”. Bu gün Heydər Əliyev adına Hərbi Liseydə yüzlərlə gənc təhsil alır, milli və hərbi vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Xoşbəxtəm ki, mənim övladım da bu şərəfli peşəni seçib. Valideyn olaraq kursantlara arzum budur ki, gələcəkdə Vətənin keşiyində mərdliklə dayansınlar. İstər ali hərbi məktəblərdə təhsil aldıqları, istərsə də Silahlı Qüvvələrdə xidmət etdikləri dövrdə göstərilən etimadı şərəfli xidmətlə doğrultsunlar. Heydər Əliyev adına Hərbi Lisey Ali Məclis Sədrinin təşəbbüsü ilə yaranıb, diqqət və qayğısı ilə əhatə olunub, inkişaf edərək mətinlik məktəbinə çevrilib. Liseydə övladlarımızın təhsili, yaşayışı və vətənpərvər ruhda böyüdülməsi üçün hərtərəfli şərait var. Göstərilən qayğı bütün valideynlər tərəfindən razılıq və minnətdarlıqla qarşılanır.

Heydər Əliyev adına Hərbi Liseyin məzun kursantı Kərim Ələkbərov çıxış edərək deyib: “Bu gün biz kursantların həyatında olduqca əlamətdardır. Çünki ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyi bitirib Ali Hərbi Məktəbə qəbul olmuşuq. Heydər Əliyev adına Hərbi Liseydə aldığımız yüksək təhsil zabit arzumuzu reallaşdırdı. Biz Azərbaycan Ordusunun gələcək zabitləriyik. Gələcəkdə doğma Azərbaycanımızın hansı guşəsində xidmət etməyimizdən asılı olmayaraq məzunu olduğumuz Heydər Əliyev adına Hərbi Liseyin adını yüksək tutacaq, göstərilən etimadı doğruldacaq, Ali Baş Komandanımızın əmrinə hər an hazır olacağıq”. Məzun olan və təhsil alan kursantlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Kərim Ələkbərov söz verib ki, qarşıdakı təhsil illərində göstərilən yüksək etimadı doğruldacaqlar.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Ədib Əliyev təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.