Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir.

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konsertə baxıb.

Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Ulu Öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilib. 15 iyun və 14 iyul tarixləri Azərbaycan xalqının həyatında xilaskarlıq və dönüş günləridir. Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin bugünkü konserti də əlamətdar tarixi günlərə – 15 İyun Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr olunub.

Natəvan Qədimova orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlova və rəhbərlik etdiyi kollektivə dəvəti qəbul edib Naxçıvana gəldiklərinə görə təşəkkürünü bildirib.

Sonra konsert başlayıb.

Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Anar Şuşalı, Gülyanaq Fərzəliyeva və Tural Nəcəfov görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, eləcə də Aqşin Əlizadənin, Nazim Quliyevin, dünya bəstəkarlarından Jorj Bizenin, Ernesto de Kurtisin əsərlərini, xalq mahnılarını məharətlə ifa ediblər. Konsert alqışlarla qarşılanıb.

Ali Məclisin Sədri konsertdən sonra orkestrin üzvləri ilə görüşüb, onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik edib.

Orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov və Xalq artisti Fidan Hacıyeva Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırıb, onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri orkestrinin üzvləri ilə xatirə şəkli çəkdirib.