İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi – “İqlim otağı” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahət İmanov çıxış edərək deyib ki, muxtar respublikada yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır. Bu da tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirib. Xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması da bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada müasir ağacyetişdirmə sahəsinin – “İqlim otağı”nın istifadəyə verildiyini bildirib, bu münasibətilə kollektivi təbrik edərək deyib: Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublika təbiətinə də təsir etmiş, ağaclar kütləvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrdə muxtar respublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda, mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Bu günə qədər muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin yaradılan şərait imkan verəcəkdir ki, tələbat tamamilə yerli istehsal hesabına ödənilsin, ərazilərə uyğun meyvə və həmişəyaşıl tinglər, bəzək kolları və güllər yetişdirilsin. Müasir avadanlıqlarla təmin olunmuş “İqlim otağı”nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüyür. Bu da daxili tələbatı iki dəfədən artıq ödəməyə imkan verir. Muxtar respublikanın aid təşkilatları ilə tingçilik sahəsi arasında qarşılıqlı əlaqə yaradılmalı, sifarişlər qəbul olunmalıdır. Kollektiv həm dövlət təşkilatlarının, həm də əhalinin tələbatına uyğun ağac və bəzək kolları yetişdirməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın tələbatının yerli istehsal hesabına ödəniləcəyinə əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Məlumat verilib ki, ərazidə 8 parnik və 4 bina tikilib, işçilər üçün lazımi şərait yaradılıb, iş otaqları istifadəyə verilib. Əsas binada gül-bəzək kollarının və meyvə tinglərinin yetişdirilməsi üçün “İqlim otağı” yaradılıb. Otaqda 108 rəf quraşdırılıb. Yaradılmış şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla, il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə təcrid olunub, avtomatlaşdırılmış işıqlandırma, suvarma, havalandırma, isitmə və nəmləndirmə sistemləri ilə təchiz edilib. Yaradılmış süni iqlim şəraiti burada istənilən növ bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir.

“İqlim otağı”nda yetişdirilən bitkilər müvəqqəti saxlanma anbarına verilərək təbii şəraitə uyğunlaşdırılır və satışa çıxarılır. Ərazidə mağaza istifadəyə verilib, gübrə və digər vasitələrin saxlanması üçün də anbar yaradılıb. Bütün binalar istilik, elektrik və su sistemləri ilə təchiz olunub.

Naxçıvan Yaşıllaşdırma Xidmətinin 6 saylı Tingçilik Sahəsinə baxış olub. Bildirilib ki, 4 hektar ərazini əhatə edən tingçilik sahəsində bu ilin ötən dövründə 81 min müxtəlif meyvə tingi, gül və bəzək kolları yetişdirilib.

Ali Məclisin Sədri “İqlim otağı”nda tələbata uyğun tinglərin və gül kollarının yetişdirilməsi, eləcə də yerli sortlara üstünlük verilməsi və fəaliyyətin genişləndirilməsi barədə tapşırıqlar verib.