Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb, ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və iqtisadi-ticarət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırıb.

Ali Məclisin Sədri təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib, səfərin uğurlu keçəcəyinə əminliyini ifadə edib.

Bavitlunq Vanlalvavna Naxçıvan Muxtar Respublikasına səfərə mühüm əhəmiyyət verdiklərini bildirib, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə minnətdarlıq edib. Əlaqələrin inkişafından danışan səfir Naxçıvan Muxtar Respublikası ilə təhsil sahəsində əməkdaşlıq üçün hazır olduqlarını qeyd edib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.