Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Ordubad rayonunu yeni inkişaf mərhələsinə çıxarıb. Qədim Ordubad şəhəri bu gün həm də müasirliyi ilə diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev ideyalarının bəhrələridir. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olub. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir.

Mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri Ordubad rayonunu da əhatə edib. Rayonda yaradılan müasir infrastruktur dövlətimizin iqtisadi gücünün daha bir göstəricisinə çevrilib. Bu il rayonun Dəstə kəndində 900 şagird yerlik məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Hazırda Vənənd kəndində yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, Uşaq Musiqi Məktəbi və xidmət mərkəzinin tikintisi davam etdirilir. Bundan başqa Ordubad şəhərində 28 mənzilli yaşayış binası inşa olunur. Darkənddəki qədim dəyirman bərpa edilir, Anaqut kəndində yeni məscid binası tikilir. Elşad Məmmədov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon əhalisi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət orqanlarının əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik, iqtisadi inkişaf və tərəqqi vardır. Görülən işlər bunu bir daha təsdiq edir. İnsanların həyat səviyyəsi yüksəldilir, iş şəraiti yaxşılaşdırılır. Bu da dövlət orqanlarında qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə imkan verir. Ordubad Rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait də imkan verəcək ki, kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin.

Ali Məclisin Sədri deyib: Ordubad rayonu bir şəhər, üç qəsəbə və 43 kənddən ibarət olmaqla icra hakimiyyəti tərəfindən idarə olunur. İcra hakimiyyətinin kollektivi rayonun siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində fəaliyyətin normal təşkilini həyata keçirir. Bu tədbirlərin uğurla həyata keçirilməsi üçün müasir iş şəraiti olmalıdır. Ona görə də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən quruldu. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına, dövlət qulluqçularına göstərdiyi qayğının daha bir nümunəsidir. Binada fəaliyyət göstərəcək dövlət qurumlarının əməkdaşları isə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, rayonun inkişafına öz töhfələrini verməlidirlər.

“Bu ilin mart ayından etibarən Ordubad rayonunun əhalisi 50 min nəfəri ötmüşdür. Ona görə də icra strukturunda dəyişiklik edilmiş, Ordubad Rayon İcra Hakimiyyətinin ştat cədvəlinə birinci müavin və digər ştatlar əlavə edilmiş, kollektivin əməkhaqqısı artırılmışdır”, – deyən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edib.

AliMəclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikrini xatırladaraq deyib: Ordubad milli dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub yaşadıldığı rayondur. Bu gün Ordubad rayonundakı tarixi abidələr – su dəyirmanları, körpülər, hamamlar bərpa olunur. Bununla yanaşı rayonun müasir inkişafı da diqqətdə saxlanılır, yeni məktəblər, xəstəxanalar, həkim ambulatoriyaları, yollar, su-kanalizasiya sistemləri qurularaq əhalinin istifadəsinə verilir. Lakin quruculuq işləri aparmaq işin bir tərəfidir. Əsas məsələ onlardan səmərəli istifadə etmək və qorumaqdır. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən 6 dövlət və ictimai təşkilatın kollektivləri də səmərəli fəaliyyət göstərməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.

Sonra binaya baxış olub. Bildirilib ki, 4 mərtəbəli inzibati binada 43 yerlik müşavirə zalı, 27 iş otağı, 124 yerlik iclas zalı, arxiv, anbar, qazanxana və yeməkxana yerləşir. Birinci mərtəbədə vətəndaşların qəbulu üçün otaqlar vardır. İkinci mərtəbədə icra hakimiyyətinin kollektivi, üçüncü mərtəbədə isə Statistika, Gənclər və İdman idarələri, Birləşmiş Həmkarlar İttifaqları Şurası, “El həyatı” qəzetinin redaksiyası, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası, eləcə də Qızıl Aypara Cəmiyyəti üçün otaqlar ayrılıb. İş otaqlarında kompüterlər quraşdırılıb, müasir şərait yaradılıb.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Fərrux Nağızadə minnətdarlıq edərək deyib ki, icra hakimiyyətinin yeni binası müasir memarlıq əsəridir. Yaradılan iş şəraiti fəaliyyət üçün geniş imkanlar açır. Üzərimizə düşən əsas vəzifə gənclərlə işə diqqəti daha da artıraraq bugünkü inkişafımızı, sabitliyimizi təbliğ etməkdir.

Ümummilli lider Heydər Əliyevin binanın həyətindəki büstünün ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi çəkilib, yaşıllıq salınıb.