Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bədən tərbiyəsi və idmanla geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur”.

Ulu Öndərin tövsiyələri əsas tutularaq Naxçıvan Muxtar Respublikasında idman sağlam gənc nəslin yetişməsində əsas amil kimi götürülür. Müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq, İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub.

Mayın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olub.

Məlumat verilib ki, kompleksdə bütün zəruri infrastruktur yenilənib, tavan və döşəmələr dəyişdirilib, işıqlandırma, havalandırma və istilik sistemləri yenidən qurulub. Hər biri 220 tamaşaçı tutumu olan iki idman zalında mini futbol, basketbol, voleybol, güləş, karate, boks, ağır atletika və digər idman növləri üzrə yarış və məşqlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Yarış nəticələrinin göstərilməsi üçün elektron məlumat lövhəsi qurulub. Kompleksdə idman ləvazimatlarının satış bölməsi və bufet istifadəyə verilib, iş, soyunub-geyinmə və digər xidməti otaqlarda lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri kompleksin imkanlarından səmərəli istifadə olunması və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar verib.