Fevralın 7-də Kərimbəyli kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptekdən ibarətdir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili tibbi yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulub. Həkim ambulatoriyasının qeydiyyat otağında kompüter quraşdırılaraq muxtar respublikanın elektron səhiyyə idarəetmə sisteminə qoşulub.
Fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Yaradılan şərait imkan verir ki, sakinlərin ilkin fizioterapevtik müalicələri ambulatoriyada həyata keçirilsin.
Tibb işçisi Lətifə Mustafayeva yaradılan şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri rayon mərkəzi xəstəxanaları ilə həkim ambulatoriyaları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fəaliyyət proqramının hazırlanması, eləcə də maarifləndirici tibbi broşürlərin hazırlanması barədə tapşırıqlar verib.