Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulub. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir.

Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək deyib ki, Naxçıvan Beynəlxalq Hava Limanında böyük quruculuq işləri aparılıb, uçuşların təhlükəsizliyi təmin olunub, mövcud xidmət potensialı daha da artıb. Hava limanında sərnişin və yük daşımaları müasir səviyyəyə çatdırılıb. Müasir memarlıq üslubunda tikilən Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə mülki aviasiya işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Müstəqil Azərbaycanda hava nəqliyyatının inkişafı və hava daşımaların müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülür. Bu işlərin tərkib hissəsi kimi Naxçıvan Beynəlxalq Hava Limanı da yenidən qurulub. Ötən dövrdə muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilib, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilib. Bu gün isə Şahbuz rayonunda müasir Aviakassa istifadəyə verilir. Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən Aviakassada 9 yeni iş yeri yaradılıb.

Ali Məclisin Sədri bildirib: Həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafının göstəricisidir. Çünki hər bir ölkənin ümumi inkişafı yalnız bir sahədə deyil, bütün sahələrdə inkişaf təmin olunduğu zaman mümkün olur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir. Muxtar respublikada hava daşımalarının daha etibarlı təşkili sahəsində görülən işlərin davamı olaraq hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağı tikilir.

Ali Məclisin Sədri deyib: Əhalinin rifah halı yaxşılaşır, insanlar ölkəmizin və dünyanın müxtəlif yerlərinə səyahət edirlər. Şahbuz şəhərində yeni Aviakassanın istifadəyə verilməsi də insanların səyahətlərinin rahat təşkilinə hesablanıb. 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən öz yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcək.

Ali Məclisin Sədri Aviakassanın qurulmasında əməyi olanlara təşəkkür edib, xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar verib.

Məlumat verilib ki, iki mərtəbədən ibarət Aviakassa binasının birinci mərtəbəsində gözləmə zalı, kassa, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yerləşir. İkinci mərtəbədə isə Aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilib. Binaya sürətli internet xətti çəkilib, kompüter dəstləri və POS-terminal, təhlükəsizlik kameraları və sensorlu növbə kartı verən xüsusi avadanlıq quraşdırılıb. Sərnişinlər təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər.

Aviakassa fərdi istilik və mərkəzi soyutma sistemləri ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.