Dəstə kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunub. Mərkəzdə 7 nəfər işlə təmin olunub.
Həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi çəkilib.
***
Dəstə kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 5400 metr yeni içməli su xətti çəkilib, kənddaxili məhəllələrdə 20 bulaq, suvarma suyunu tənzimləmək üçün 2 hovuz tikilib. Kəndi suvarma suyu ilə təmin edən “Dəstə-2” nasos stansiyasının 250 metrlik təzyiqli boru xəttinin yeri dəyişdirilib, Vənənd çayında 500 metr istiqamətləndirici bənd tikilib, 200 metr sahilbərkitmə işləri aparılıb. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənib, 1300 metr yeraltı rabitə, 1500 metr elektrik xətti çəkilib, 8 transformator yarımstansiyası əsaslı təmir olunub. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, 390 metr yeni qaz xətti çəkilib, 8882 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb.