Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri, 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

İclası Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq müzakirə olunan məsələ barədə məruzə etmişdir. Nazir bildirmişdir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “…Hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də diqqət mərkəzində olmuş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası yenidən qurulmuşdur.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.

Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır”.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilən siyasi strategiya nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaratmaqla yanaşı daxili işlər orqanlarının üzərinə daha ciddi məsuliyyət qoymuşdur.

Əməliyyat şəraitinin yenidən qurulması və mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində verilən tapşırıqların, eləcə də şəxsi heyətin gərgin əməyinin nəticəsidir ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilmiş, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmamışdır.

Vurğulanmışdır ki, qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilmişdir. Bu da ötən illərin göstəricilərini üstələməklə yanaşı nazirliyin ictimaiyyət arasında nüfuzunun yüksəlməsinin nəticəsidir.

“Ötən il muxtar respublikada kriminogen vəziyyətə təsir edən amillər müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində 5 kollegiya və 8 əməliyyat müşavirəsi keçirilmiş, qəbul edilmiş qərarlar icraya yönəldilmişdir”, – deyən nazir diqqətə çatdırmışdır ki, 2018-ci ildə, ümumilikdə, 1702 vətəndaşın qəbul edilərək müraciətlərinin əksəriyyəti həll olunmuşdur. Polis orqanları tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə bundan sonra da böyük həssaslıqla yanaşılmalı, müraciət edən hər bir vətəndaşın qəbul edilib şikayətlərinin hüquqi müstəvidə həll olunması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.

Vurğulanmışdır ki, yol infrastrukturunun inkişafı sahəsində muxtar respublikada həyata keçirilən tədbirlər, müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə tехniki sistеmlərin tətbiqi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayı 2017-ci illə müqayisədə 54 faiz azalmışdır.

Nazirliyin səyyari xidmətinin fəaliyyəti barədə də danışan Fazil Ələkbərov demişdir ki, bu xidmət vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirmişdir. Lakin aid strukturlar bununla kifayətlənməməli, əldə olunmuş nəticələri inkişaf etdirməklə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan işləri şəffaflıq prinsipi əsasında davam etdirməlidirlər.

Nazir qeyd etmişdir ki, biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etmiş dövlətlər sırasında irəliləməsinin bariz nümunəsidir. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilmişdir.

Bildirilmişdir ki, 2018-ci ildə xidmətdə fərqlənən əməkdaşlardan 1302 nəfərin mükafatlandırılması son dövrlər şəхsi heyət arasında nizam-intizamın və mənəvi-psixoloji vəziyyətin yüksəlməsinin göstəricisidir.

Çıxışının sonunda nazir əminliyini bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələri, əməliyyat xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin olunacaq. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcəkdir.

Sonra məruzə ətrafında müzakirələrdə nazirliyin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidovun, İstintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyevin, Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimovun, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin çıxışları dinlənilmişdir.

Çıxışlarda bildirilmişdir ki, həyata keçirilən köklü islahatlar və məqsədyönlü layihələr 2018-ci il ərzində uğurla davam etdirilmişdir. Bundan sonra da cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin və vətəndaşların qanuni mənafelərinin qorunması, eləcə də qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetiriləcək, əməliyyat şəraiti nəzarətdə saxlanılacaq.

Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vurmuşdur.