Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilib, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilib. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə edib.

Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Məlumat verilib ki, Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlif həcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilib. Böyük İpək yolunun üzərində yerləşən bu körpü üzərindən vaxtilə Qazançıdan Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir.

Qazançı körpüsü Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunub. Körpünün yükdaşıyan dağ hissəsinin aşınmış daşları dəyişdirilib, daşlar arası təmizlənərək əhəng məhlulu ilə bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə körpünün uzunluğu 50 metrə çatıb. Ətrafda 120 metr sahilbərkitmə işləri görülüb, 50 metr dəmir-betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ziyalıları və elm adamları adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə imzaladığı sərəncamlar mühüm elmi əhəmiyyətə malikdir. Bu gün Naxçıvanda tariximizə sahib çıxılır. Son illər 70-dən artıq abidəmiz bərpa olunub. XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsünün bərpası da bu sahədə görülən işlərin davamı kimi elm adamlarının qarşısına mühüm vəzifələr qoyur.

Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyənləşdirilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanması və monoqrafiya şəkilində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar verib.