Oktyabrın 15-də Yuxarı Buzqov kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və zal yerləşir. Yeni Azərbaycan Partiyası Yuxarı Buzqov kənd ərazi ilk təşkilatının 49 üzvü vardır. Onlardan 11-i gənc, 16-sı isə qadındır.
Kitabxanada 5650 ədəbiyyat oxucuların istifadəsinə verilib. Rabitə evində quraşdırılan yeni nəsil ATS və yaradılan poçt bölməsi sakinlərə keyfiyyətli xidmət göstərilməsinə imkan verir.
Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, soyuducu və digər tibbi avadanlıqlarla təchiz olunub.