Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Buzqov kəndindəki xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, muxtar respublikanın müasirləşən kənd yaşayış məntəqələrində xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin gündəlik məişət tələbatının ödənilməsi və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə xidmət mərkəzlərində yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışa çıxarılması və digər xidmətlərin təklif olunması kəndlərdə turizmin inkişafına da öz töhfəsini verir.

Aşağı Buzqov kəndindəki xidmət mərkəzində də bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları istifadəyə verilib, 5 sakin işlə təmin olunub.

Aşağı Buzqov kəndində abadlıq işləri də görülüb. Kəndin müxtəlif hissələrində 140 metr daş hasar çəkilib, 2 piyada körpüsü salınıb, 461 metr sahilbərkitmə işləri aparılıb. Kənddəki mövcud rabitə, elektrik və qaz xətləri yenilənib, 4 min metr rabitə və 8845 metr elektrik xətti çəkilib, 9630 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb. Kəndin içməli su təminatı da yaxşılaşdırılıb, 1800 metr içməli su xətti çəkilib, 12 kilometrlik içməli su xətti təmir olunub.