Muxtar respublikanın yaşayış məntəqələrində səhiyyə xidmətinin günün tələbləri səviyyəsində qurulması əsas vəzifələr sırasındadır. Kəndlərdə quruculuq işləri aparılarkən tikilən müasir həkim ambulatoriyaları isə sakinlərin hərtərəfli tibbi xidmətlə təminatına hesablanıb.

Oktyabrın 15-də Aşağı Buzqov kəndində yeni həkim ambulatoriyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını etmiş, kənddə səhiyyə xidmətinin təşkili üçün yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə,
fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və əczaxanadan ibarətdir. Burada stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Laboratoriya avadanlıqları ilkin analizlərin aparılmasına imkan verəcəkdir.

Fizioterapiya kabinəsində elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası vardır.

Ali Məclisin Sədri həkim briqadalarının kəndlərdə əhaliyə tibbi xidmət göstərməsi, eləcə də həkim ambulatoriyalarının fəaliyyət proqramının hazırlanması barədə tapşırıqlar vermişdir.