Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur !
Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində keçmişdən miras qalmış ekoloji problemlər aradan qaldırılmış, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılmışdır. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ölkəmizdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilərək təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülmüşdür.
Muxtar respublikada Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, onun ideyalarını gerçəkləşdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov tərəfindən ekoloji təhlükəsizliyin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi kimi uğurla həyata keçirilir.
Müvafiq dövlət orqanları tərəfindən ardıcıl tədbirlərin keçirilməsinə baxmayaraq bəzən rastlaşdığımız mənzərələr vətəndaşlarımızın hələ də ekoloji təhlükəsizliyə laqeyd yanaşdığını ortaya çıxarır. Onlar unudurlar ki, konstitusiyamızın 78-ci maddəsində deyildiyi kimi “Ətraf mühiti qorumaq hər kəsin borcudur”. Hər bir vətəndaş yaşadığı və fəaliyyət göstərdiyi ərazidə təbiəti qorumalı və onu sevməlidir. Hər bir vətəndaşın sağlam mühitdə yaşamaq hüququ vardır. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitki və heyvanların qanunla müəyyən edilmiş növlərinin mühafizəsinə təminat verdiyi kimi, insanlar da ekolologiyanın mühafizəsinə məsuliyyətlə yanaşmalıdır.
Bildiyimiz kimi Azərbaycanda polisin xidmət sahələri cox şaxəlidir. Polis təkcə cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının qorunması ilə əlaqədar aparılmış tədbirlərlə öz işini bitmiş hesab etmir. Polis eyni zamanda insanların həyatını, sağlamlığını onların hüquq və azadlıqlarını, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qoruyur.
Polisin əsas xidmət sahələrindən biri də Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsi, ətraf mühitin və ekoloji tarazlığın pozulmasının qarşısının alınmasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyində təbiətin mühafizəsi, ekoloji tarazlığın pozulması və ətraf mühitin təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra sanksiyalar (qadağalar) nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 25-ci fəsli məhz ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır.
İnzibati Xətalar Məcəlləsindən ekoloji hüquqpozmalara daha çox yol verilən bəzi maddələr haqqında çıxarışları diqqətinizə çatdırırq.
Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması
234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni:
234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;
234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 244-1. Əkin yerinin yandırılması
Əkin yerinin yandırılmasına görə –
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 253. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi
253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə –
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
253.2. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə
fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.
253.3. Eyni inzibati xəta:
253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə –
fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.
253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə –
fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir.
253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə –
fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir.
253.4. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə –
fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.
253.5. Bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta:
253.5.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə –
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.
253.5.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə –
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
253.5.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə –
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.
Qeyd:
- Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
- Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.
- Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.
Maddə 262. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni:
262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;
262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə –
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
262.3. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə –
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Maddə 265. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
265.1. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə-
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 266. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması
266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-
əlli manat məbləğində cərimə edilir.
Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması
272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.
272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Sonunda bunu da qeyd edək ki, təmiz və təhlükəsiz ətraf mühitdə yaşamaq hər bir kəsin konstitusiyon hüququdur gəlin hər kəsin bu hüquqna hörmət edək və təbiəti qoruyaq.
İctimai Təhlükəsizlik İdarəsi